İcbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinə necə təsir edir? - SORĞU

14:40 04-06-2021 351

Əhali arasında keçirilən sorğuya əsasən, 33,3% respondent icbari tibbi sığortanın tətbiqinin səhiyyənin keyfiyyətini artacağını, 16,3% respondent keyfiyyətin əvvəlki kimi orta qalacağını, 9,5% respondent keyfiyyətin əvvəlki kimi aşağı qalacağı, cəmi 4,2% respondent isə keyfiyyətin azalacağını düşündüyünü bildirib. 

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) ölkənin 8 iqtisadi-coğrafi rayonunda 1121 respondent arasında apardığı sorğunun nəticələrində qeyd edilib.

Sorğuda iştirak edənlərin 34,9%-i isə ‘‘İcbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinin keyfiyyətinə necə təsir edəcək?’’ sualına cavab verməkdə çətinlik çəkdiyini bildirib ki, bu da kifayət qədər böyük sayda əhalinin icbari tibbi sığortanın tətbiqindən hər hansı bir gözləntisinin olmadığına işarədir.

Sorğu iştirakçılarından 18-25 yaş arasında olan respondentlərin 28,1%-i keyfiyyətin artacağını düşündüyü halda, 46-55 və 56-65 yaş qrupunu təmsil edənlər üçün bu göstərici müvafiq olaraq 35,4% və 37,6%-ə bərabərdir.

Ali və orta peşə-ixtisas təhsilli respondentlər arasında icbari tibbi sığortanın tətbiqinin səhiyyə xidmətinin keyfiyyətinə ya mənfi təsir edəcəyini, ya da heç bir təsiri olmayacağını hesab edənlər nisbətən daha çoxdur.

Sorğuda iştirak edənlərin 21,4%-nin özü və ya ailə üzvləri aprelin 1-dən dövlət xəstəxanalarına müraciət edib. Bakı və Abşeron istisna olmaqla digər bölgələrdə respondentlərin 20-30%-i aprelin 1-dən dövlət xəstəxanalarına müraciət edib.

“Müraciət etdiyiniz sahə tibbi xidmət paketinə daxildirmi?” sualına 54,2% respondent “bəli”, 37,5% respondent “xeyr”, 8,3% respondent isə “çətinlik çəkirəm” cavabını verib. Bu məqsədlə ödənişin olunub-olunmamasına 32,5% respondent “bəli”, 67,5% respondent isə “xeyr” cavabını verib. Paketə daxil olan xidmətlərə müraciət edənlərin 17%-i ödəniş etdiyini bildirib.

Respondentlərin 6,5%-i dövlətin əhalinin tibbi sığortası üçün adambaşına ödədiyi məbləğin nə qədər olduğunu bildiyini, 39,6%-i bilmədiyini, 53,9%-i bu haqda məlumatının olmadığını qeyd edib. Gəlir və yaş səviyyəsi artdıqca bu barədə məlumatlılıq səviyyəsi artır.

Sorğuda iştirak edənlərin 21,4%-i icbari tibbi sığorta məqsədilə əməkhaqqından tutulan məbləğin onun üçün çox olduğunu, 62,4%-i çox olmadığını, 11,9%-i ona fərq etmədiyini, 4,3%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib. Maraqlıdır ki, əməkhaqqından tutulan məbləğə dair münasibət sosial-demoqrafik qruplar üzrə əhəmiyyətli dərəcədə fərqlənməyib.