Tovuz döyüşlərinin şəhid mayorunun xatirəsinə həsr olunmuş tədbir - FOTO

12:00 05-06-2021 20

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtdırmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbirlər silsiləsindən Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan mayor Namiq Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhid mayor Namiq Əhmədovun xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbir iştirakçılarına şəhid zabitin şərəfli döyüş yolu haqqında məlumat verilib.

Çıxış edən şəhid N.Əhmədovun oğlu Məhəmməd atası ilə fəxr etdiyini deyib. O, dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edərək tədbirin təşkilinə görə əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonda Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədova və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.