“Neftçi” Çempionlar Liqasına Avstriya-İtaliya sərhədində hazırlaşacaq

15:40 07-06-2021 21

“Neftçi” PFK-nın 2021/2022-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

HerGun.Az xəbər verir ki, hazırlığın ilk mərhələsi sabah başlayacaq və iyunun 14-dək Bakıda baş tutacaq. Azərbaycan çempionu tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.

Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Avstriya-İtaliya sərhədində yerləşən Kranyska Qora bölgəsindəki “Ramada Hotel&Suites”də məskunlaşacaq. Flaqman bu ölkədə dörd yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.