BDU-nun dekanından ustad dərsi - VİDEO

10:40 08-06-2021 480

UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi – Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Bakının da ev sahiblərindən olacağı futbol üzrə Avropa çempionatı öncəsi idman jurnalistlərinin peşəkar inkişafına dəstək məqsədilə may və iyun aylarında keçirdiyi maarifləndirici marafona yekun vurulub.

Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi ilə əməkdaşlıq çərçivəsində Əməkdar jurnalist, Filologiya elmləri doktoru, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “İctimaiyyətlə əlaqələrdə auditoriya ilə iş prinsipləri” mövzusunda ödənişsiz onlayn ustad dərsi keçib.

AİJA-nın BDU Jurnalistika fakültəsi və inSportPress-lə birgə təşkil etdiyi, Etopaz-ın baş sponsoru olduğu, İdman TV, Oxu.az, Estafet.az və Media.az-ın informasiya dəstəyi verdiyi onlayn dərsin moderatoru, AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu giriş sözündə jurnalistika peşəsinin çətinliyindən danışaraq bir neçə gün əvvəl şəhid olan həmkarlarımız Sirac Abışov və Məhərrəm İbrahimovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Daha sonra söz alan AİJA prezidenti Eldar İsmayılov müasir Azərbaycan jurnalistikasının və elminin aparıcı simalarından V.Zifəroğlunun bu dərsini dinləyən hər kəsə böyük fayda verəcəyini qeyd edib.

İdmanı və xüsusən futbolu sevdiyini açıqlayan Vüqar Zifəroğlu böyük maraqla qarşılanan dərsə start verib. Əsas mövzu “İctimaiyyətlə əlaqələrdə auditoriya ilə iş prinsipləri” olsa da, digər aktual məsələlərə də toxunulub, iştirakçılar BDU Jurnalistika fakültəsinin dekanının dəyərli fikirləri ilə tanış olublar.