Böyük Britaniya səfiri: “Azərbaycan Uels millisinin ikinci vətəni sayılır” - VİDEO

13:00 08-06-2021 22

“Həm Uels millisi, həm də azarkeşləri əvvəllər bir neçə dəfə Bakıda olub. Onlar hər dəfə burada çox hərarətlə qarşılanıb. Bu səbəbdən də demək mümkündür ki, Azərbaycan Uels millisinin ikinci vətəni sayılır”.

HerGun.Az-ın xəbərinə görə, bunu Böyük Britaniya və Şimali İrlandiya Krallığının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp deyib.

O, “Bol idman” verilişində olarkən dörd oyunu Bakıda keçiriləcək AVRO-2020 barədə fikirlərini bölüşüb. Səfirin sözlərinə görə, Bakıdakı ingilis, şotland və irlandlar da Uelsə azarkeşlik edəcək:

“Üstəlik, həmişə buradan qələbə ilə ayrıldıqlarından Bakı onlar üçün uğurlu şəhərdir. Mən Böyük Britaniya səfiri olduğumdan, Uelslə bərabər, İngiltərə və Şotlandiyanı da təmsil edirəm. Həmin komandaların da AVRO-2020-də qalib gəlməsini istəyirəm. Ümid edirəm ki, bu üç millidən azı biri 1/4 final oyununu Bakıda keçirəcək. Bu verilişə Uels rəmzini bildirən qalstuk taxıb gəlmişəm. Səbirsizliklə Uelsin Bakıda İsveçrə və Türkiyə ilə oyunlarını gözləyirəm. Bakıda yaşayan britaniyalılar milliyyətindən asılı olmayaraq, Uelsə azarkeşlik edəcək”.

Həmçinin, səfir Bakıya gələcək uelsli azarkeşlərə məsləhət verib. O bildirib ki, çox pivə içməkdənsə, Qəbələ kimi Azərbaycanın başqa görməli yerlərinə səyahət edə bilərlər. 

Qeyd edək ki, Uels millisi AVRO-2020-nin A qrupu çərçivəsində iyunun 12-də İsveçrə və 16-da Türkiyə milliləri ilə qarşılaşacaq. Görüşlər Bakı Olimpiya Stadionunda keçiriləcək.

Səbuhi Musayev