Qarabağda ərazilərin minalardan təmizlənməsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin işi olmalıdır

13:20 08-06-2021 24

Dinc sakinlərin, xüsusən də jurnalistlərin həlak olması dəhşətdir. Bu faciənin təqsirkarı – minalanmış sahələrin xəritəsini hələ də təqdim etməyən erməni tərəfidir.

Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bəyan edib. Onun fikrincə, Ermənistanın minalanmış sahələrin xəritəsini verməkdən imtina etmək üçün iki versiya mövcuddur. Ekspert deyib: “Birinci versiya odur ki, xəritə var, lakin onlar bu xəritəni təqdim etmirlər, çünki bununla bağlı alver etmək istəyirlər. İkinci versiya belədir ki, minalanmış sahələrin xəritəsi yoxdur, çünki onlar bu ərazilərdən çıxanda həmin anda total minalanma həyata keçirilirdi. Əgər onlar minaları bu torpaqları tərk etdikləri zaman basdırıblarsa, o halda bu, vəhşilikdir və 10 noyabr 2020-ci il tarixli Bəyanatın kobud surətdə pozulmasıdır”.

S.Markov vurğulayıb ki, Azərbaycan 10 noyabr tarixli Bəyanatın ermənilər tərəfindən sistematik surətdə pozulması barədə sərt şəkildə məsələ qaldırmağa haqlıdır. Çünki bu pozuntular nəticəsində dinc sakinlər, jurnalistlər, hərbi qulluqçular həlak olur. Rusiyalı politoloq deyib: “Bu məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində qaldırılmalıdır. Lakin bunun üçün BMT Təhlükəsizlik Şurası 10 noyabr 2020-ci il tarixli Bəyanatı dəstəkləməlidir. Təəssüf ki, ermənipərəst mövqe nümayiş etdirən Fransa burada ciddi problem yaradır. BMT minalanmış ərazilərin təmizlənməsinə böyük diqqət ayırır. Dünyada xüsusən də piyada əleyhinə minalardan böyük sayda insan həlak olur. Buna görə də minaların zərərsizləşdirilməsinə kömək üçün BMT-də böyük infrastruktur yaradılıb. Qarabağda ərazilərin minalardan təmizlənməsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin işi olmalıdır”.

Politoloqun sözlərinə görə, Ermənistan əhalisi Azərbaycan ilə normal iqtisadi əlaqələrin qurulmasına səy göstərir. O deyib: “Mən erməni həmkarlarımla ünsiyyətdə olmuşam. Onlar Bakıya səfər edə biləcəyi vaxtı arzulayırlar”.