Vətən müharibəsində qolunu itirən qazi: “Dövlətin göstərdiyi qayğı bizi sevindirir”

16:00 08-06-2021 414

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində yaralanan hərbçilərin reabilitasiyası ilə bağlı məsələ hər zaman dövlətin diqqətində saxlanılır.

Aidiyyəti məsələ ilə bağlı səlahiyyətli qurum olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə düşən vəzifələri mərhələli şəkildə icra edir.

Nazirlik tərəfindən reabilitasiya proseslərinə cəlb edilən qazilər arasında Vətən müharibəsində sağ qolunu itirən qazi Həsənli Sahil Rauf oğlu da var.

Aparılan reabilitasiya prosesləri və mövcud vəziyyəti ilə bağlı HerGun.Az-a açıqlama verən Sahil Həsənov deyir ki, o, Sumqayıt şəhərində yerləşən Əlillərin Regional Bərpa Mərkəzində reabilitasiya proqramlarına cəlb olunub:

“Nazirlik tərəfindən müvafiq dövr ərzində Sumqayıtda yerləşən mərkəzdə müalicə və bərpa prosedurları keçdim. Eyni zamanda YAŞAT Fondu tərəfindən isə kirayədə yaşadığım evin bir illik kirayə haqqı tam şəkildə ödənilib. Həkimlərin təyin etdiyi müalicə və müayinələr, alınacaq dərman preparatları da YAŞAT Fondu tərəfindən qarşılanıb”.

S.Həsənli üçün ən müasir texnologiyalara cavab verən protez hazırlanır:

“Təxminən 1 ay qabaq protez üçün müayinədən keçdim və lazımı ölçülər götürüldü. Hələ nə zaman hazırlanacağı və təqdim ediləcəyinə dair dəqiq məlumat yoxdur, lakin ən qısa zamanda veriləcəyi bildirilib”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, şəhid ailələrinin, qazilərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bunlardan biri də sözügedən qruplara daxil olan şəxslərin mənzillərlə, fərdi yaşayış evləri ilə təmin olunmasıdır.

Qazi Sahil Həsənli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın zamanlarda mənzillə və avtomobillə təmin ediləcəyini, bununla əlaqədar nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyindən onunla əlaqə saxlanıldığını deyib:

“Digər müharibə əlilləri kimi, mənə də növbəlilik qaydasında mənzil veriləcəyi bildirilib. Eyni zamanda nazirlikdən avtomobillə təmin ediləcəyim də deyilib. İnşallah, mərhələli şəkildə bu proseslərin hər birinin həyata keçməsini gözləyirik”. 

Qeyd edək ki, Nazirlik tərəfindən Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlə təminatı işləri aparılır. Artıq 17 qazimiz müasir protezlərlə təmin olunub, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Onlardan biri kimi, hazırda S.Həsənlinin də yüksək texnologiyalı protezlə təmin olunması üçün işlər aparılır.

Eyni zamanda, Sahil Həsənli yaşayış yerinə (H.Z.Tağıyev qəsəbəsi) yaxın olduğu nəzərə alınaraq Nazirliyin Sumqayıt şəhərindəki Reabilitasiya Mərkəzində operator vəzifəsinə təyin olunub.

Sonda qazi S.Həsənli dövlətin göstərdiyi diqqət və qayğı üçün minnətdarlığını bildirib:

“Ali Baş Komandan İlham Əliyev əmr verdi, biz torpaqlarımızın müdafiəsində durduq. Yenə ehtiyac olsa, biz Vətənin keşiyində dayanmağa hazırıq. Prezidentimiz də bizi unutmadı və qayğısını, köməkliyini əsirgəmir”.

Qeyd edək ki, S.Həsənli Vətən müharibəsindən qayıtdıqdan sonra üçüncü dəfə ata olub.

Könül Cəfərli