Ayrılmış oğluna boşanmış qadını rəva bilməyən qayınanalar

12:00 09-06-2021 319

Kubra Məhərrəmova yazır...

İnanmıram ki, kimsə ailə həyatı quranda, nikaha girəndə düşünür ki, bir ilə, beş ilə boşanacaq. Ola bilər çox az faiz belə düşünən olsun. Məkirli-məkirli...

Sözüm onda deyil. Onsuz da həyat hər kəsə ürəyincə verir. Təəssüf ki, son dövrlər ayrılan, boşanan cütlüklərin sayı durmadan artır. Səbəbləri hamıya bəllidir. Nədirsə bizdə evli cütlüklər dava-şava, düşmən kimi ayrılırlar. Çox vaxt da buna səbəb iki nəfərin valideynlərinin yola getməməsi olur. Ər-arvad qalır bir tərəfə, “Qudaların müharibəsi” başlayır. Elə bil toy məclisində “Qudalar” mahnısının sədaları altında qohum-əqrəbaya acıq verən, mehribanlıq və dostluq andını içən bunlar deyildi. Dəqiqə başı gəlinin alnından-üzündən öpən qayınana - qayınata da onlar deyildi.

Bu gün məhkəmədə gəlinin üzünə duran da, kürəkənin “narkoman” olduğunu iddia edən də həmin adamlardır. Hər nədirsə, özləri bilər. Mən keçirəm boşanma prosesindən sonra yaşanan mərhələyə. Kino bundan sonra başlayır. Gəlin cehiz və uşaqları qoltuğuna vurub qayıdır ata evinə, qayınana isə qapını bağlayan kimi başlayır təzəcə subay qalmış oğluna qız axtarmağa. Təbii ki, yenidən evləndirmək üçün. Heç kimi ittiham etmirəm. Hər bir ana övladının xoşbəxtliyini istəyir və buna haqqı var. Amma qayınananın tələb siyahısına baxanda görürsən ki, İngiltərə şahzadəsindən bir balaca zəif çıxır:

1. Qız Tibb universitetinin məzunu olmalıdır. Keçən dəfə alınmadı, bu dəfə gəlinim həkim olmalıdır.

2. Ailəsi köklü-nəsilli olmalıdır. Keçən dəfəkilər aşağı təbəqədən idi.

3. Qızın atası oğluma ya ev, ya da maşın hədiyyə etməlidir. Obyekt də olar.

4. Və ən vacib bənd: Qız subay olmalıdır. Heç bir halda mənim yenicə ayrılmış, iki övlad atası oğul balama ayrılmış qadın tay ola bilməz. Dünya gözəli olsa belə... Hələ qadının əvvəlki nikahdan övladı varsa, heç mümkün deyil. Üstündən qara xətt...

Boşanmış qadın nəinki bizim cəmiyyətdə, həmçinin bütün postsovet cəmiyyətində arzuolunmaz personaldır. Görünür, sovet tərbiyəsinin nəticəsidir. Bu qadınlar cəmiyyətdə çox zaman birmənalı münasibətlə qarşılanmır. Təəssüf ki, bunun qarşısını alacaq mexanizm yoxdur. Hərə öz bildiyi kimi mübarizə aparır.

Ayrılmış, dul qalmış qadınlarla bağlı cəmiyyətdə münasibət birmənalı olmadığı halda İslam dinində məsələ başqa cürdür. Ən böyük arqumenti də ortaya qoyuram. Məhəmməd peyğəmbərin evliliyi... Hamıya məlumdur ki, Xədicə xanım peyğəmbərlə ailə qurmamışdan əvvəl iki dəfə ərdə olub. Hər iki həyat yoldaşı həyatını itirib. Və peyğəmbərlə onun arasında 20 il yaş fərqi olub. Müəyyən mənbələrə görə rəqəm dəyişir. Amma bu o qədər də vacib məsələ deyil. Məsələ odur ki, orta əsrlərdə belə məsələ daha rahat olub. Bu gün inanmıram ki, hansısa kişi özündən yaşda bir neçə il böyük və dəfələrlə ərdə olmuş qadınla nikaha girsin. Bizim üçün bu, yolverilməz addımdır. O ki qala əgər bu qadının əvvəlki nikahlardan övladı varsa... Qadına da, uşağa da bizim cəmiyyət “ikinci sort” kimi baxır. Bunu etiraf etməliyik. Bu uşaqlar da anaları kimi psixoloji basqılara məruz qalır. Acınacaqlısı isə odur ki, bu dəyərlər sistemini elə qadınlar kişilərin beyninə yeridir. Bunu edən divarkağızı uzunluqda tələblərlə ortada gəzən, “WhatsApp”da oğluna qız axtaran analardır. Bu analar bəlkə də özləri ömürboyu şəxsi ailə həyatında bədbəxt olub. Özü də dəfələrlə boşanmaq istəyib. Ya sosial, ya da mənəvi cəhətdən müdafiəsiz olduğu üçün ömrünü çürüdüb. Amma indi ərdə olması onu digər qadınların üzərində ağalıq etməsinə şərait yaratdığı üçün bu gün öz qanunlarını diqtə edir.

Boşanmış qadınlara qarşı bu ayrı-seçkilik hər gün daha çox vüsət alır. Sanki nə zamansa nikahda olmaları və övladlarının olması bir utanc halıdır. Amma bu dəyərlər sisteminin içindən maraqlı paradoks çıxır. Paradoks isə odur ki, yüngül əxlaqlı, şəhərin ən tanınmış məkanlarının ən tanınmış personaları, bəlkə də dəfələrlə abort eləmiş qadınların ərə getməsinə cəmiyyət pis baxmır. Əsas odur ki, əvvəl ərdə olmayıb və övladı yoxdur. Çox hallarda bu cür qadınların subay, mamanın gül balasına ərə getməsi faktını da görürük. Və əlimiz üzümüzdə qalır. Bəs dünənə kimi namus-qeyrətdən dəm vuran ana-oğul necə oldu? Cəmiyyətin bir ağızdan “keçmiçdə nə olubsa, olub, əsas bundan sonradı” deməsi isə heç bir məntiqə uyğun gəlmir. Madam ki, keçmişin üstündən xətt çəkə bilirik, “şəhərin məşhur simalarını” ortalığa gəlin kimi çıxarırıqsa, hələ ondan nəvə doğuzdurub qucağımıza alırıqsa, niyə nə vaxtsa el adəti ilə ərə gedən qadınları divara söykəyib güllələməyə hazırıq? Və əminəm ki, birinci gülləni həmin qadına boşanmış oğluna subay qız axtaran analar atacaq. Təəssüf ki, bu gün boşanmış qadınlar ən yaxşı halda cəmiyyətin zümrəsində kiminsə sevgilisi ola bilər fikri ilə yaşayır. Bunu dəyişmək olarmı? Bilmirəm. Bu dəfə siz yazın. Olarmı, ya olmazmı?