“Azərxalça” ASC-də yeni TƏYİNAT - FOTO

17:40 10-06-2021 509

“Azərxalça” ASC-də yeni kadr təyinatı olub.

HerGun.Az-ın məlumatına görə, Əlisəfa Nuriyev qurumun istehsalat üzrə direktor vəzifəsinə təyinat alıb.

O, artıq vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, Əlisəfa Nuriyev 1984-cu ildə Novosibirsk Elektrotexniki Rabitə İnstitunun iqtisadiyyat fakültəsini bitirib və təyinatla uzun müddət Azərbaycan SSR Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 

1990-cı ildə Azərbaycan SSR Plan Komitəsinin Nəqliyyat və Rabitə şöbəsinə rabitə üzrə baş mütəxəssis kimi dəvət olunub. Daha sonra həmin qurumda Makroiqtisadi balanslar şöbəsinin rəhbəri və idarə rəisinin müavini kimi çalışıb.

1995-ci ildə Xalq rəssamı, professor Kamil Əliyevin dəvəti ilə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat birliyində iqtisadiyyat və istehsalat şöbəsində çalışdıqdan sonra baş direktorun müavini vəzifəsini icra etməyə başlayıb. 

1995-2005-ci illər ərzində “Azərxalça” Elmi Yaradıcılıq və İstehsalat Birliyində direktorun birinci müavini vəzifəsində çalışıb.

2005-2016-ci illər ərzində “Azərxalça” ASC elan olunanadək müəssisənin direktoru vəzifəsini icra edib.

Əlisəfa Nuriyev 2004-cü ildə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun hazırlanması və Parlamentdə qəbul olunması prosesində iştirak edib.

Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”ı onun bilavasitə iştirakı ilə hazırlanıb.

“Azərxalça”  Elmi Yaradıcılıq və İstehsalat Birliyinin ləğv olunmasından müəyyən müddət sonra Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının müdiri kimi çalışıb.

Bundan sonra Əlisəfa Nuriyev “Azərxalça” ASC-də İstehsalat üzrə direktor olaraq çalışacaq.

Faktı HerGun.Az-a “Azərxalça” ASC-dən təsdiq ediblər.

Könül Cəfərli