Maraqlı təsadüfün xoşbəxt sonluğu: Parailmipaçı ilə hərbçinin sevgi hekayəsi - MÜSAHİBƏ

19:20 10-06-2021 12

Ötən həftə Vətən müharibəsi iştirakçısı ilə paralimpiyaçı xanımın nikaha girməsi ilə bağlı yayılan məlumat cəmiyyət tərəfindən maraqla qarşılanıb.

Söhbət idman rəqsi üzrə paralimpiyaşı Vüsalə Kərimova ilə Vaqif Babazadədən gedir.

V.Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub. Ailədə iki uşaq olduqlarını deyən, pozitivliyi ilə diqqət çəkən paralimpiyaçımız 2004-ci ildə 14 yaşında ehtiyatsızlıq səbəbindən beşinci mərtəbədən yıxılıb. Aldığı xəsarətlərdən yerimə qabiliyyətini itirib. Lakin, bu, onun yaşama eşqini əlindən almır.

Moskva Dövlər Humanitar İqtisad Universitetinin hüquq fakültəsi üzrə qiyabi təhsil almış qəhrəmanımız “ASAN Xidmət” mərkəzilərindən birində çalışır. 

Öz üzərində çalışan, əhval-ruhiyyəsini daim yüksək tutan V.Kərimovanın idman sahəsində kariyerası 2012-ci ildən başlayır.

İlk dəfə əlil arabasında idman rəqslərini izləyən paralimpiyaçımız özünü bu sahədə sınamağa başlayıb və bir çox uğurlara imza atıb.

Hər zaman qazandığı uğurlarla gündəmə gələn V.Kərimova bu dəfə nikah mərasimi ilə diqqətləri özünə cəlb edib. Hər kəsin marağına səbəb olan möhtəşəm sevgi hekayəsini isə V.Kərimovanın öz dilindən eşidək.

HerGun.Az-ın əməkdaşı paraolimpiyaçı Vüsalə Kərimova ilə həmsöhbət olub:

- İlk olaraq idmanın hansı növü ilə maraqlandınız?

- İdman sahəsində ilk olaraq qılıncoynatma ilə maraqlanmışam. Daha sonra güllə atıcılığı ilə məşğul oldum. Son 8 ili isə idman rəqsləri ilə məşğul oluram. Bu idman növü barədə məni Paralimpiya Komitəsinin hazırki baş katibi Kamal Məmmədov məlumatlandırmışdı. Onun verdiyi istiqamət üzrə bu sahəni seçdim və ilk dəfə olaraq qadınlar arasında bu sahədə uğurlar qazandım.

- Beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmisiniz.

- İdman rəqsi üzrə Qitələr Kubokunu udmuşuq. Beynəlxalq yarışlarda ikinci, üçüncü, eləcə də müxtəlif yerləri tutmuşuq. Tərəf müqabilimlə birlikdə Belarus Açıq çempionatında qızıl medallar qazanmışıq.

- İdmançı kimi ailəniz də sizə dəstək olub deyirsiz. Bəs ətrafdakı insanlar necə, sizin idmançı olmanıza necə reaksiya verirdi?

- Mən hazırda mövcud vəziyyətdən razıyam. İdmanla məşğul oluram, “ASAN Xidmət”də sevdiyim ikinci bir işin öhdəsindən layiqincə gəlirəm. Mənim idmançı olduğumu bilənlər qazandığım uğurları eşitdikcə mənimlə fəxr etdiklərini deyirlər. Mən kifayət qədər aktiv insanam və bu mənə güc verir.

- Son günlər sizin Vətən müharibəsi iştirakçısı Vaqif Babazadə ilə aillə qurmağınız cəmiyyət tərəfindən müsbət qarşılandı və geniş müzakirələrə səbəb oldu. İstərdim tanışlığınız barədə danışasınız.

- Vaqif məni ilk dəfə “ASAN Xidmət”də çalışan zaman görmüşdü. Orada bəyənib və sosial şəbəkə hesabından məni tapmışdı. İlk dəfə mənə yazanda mən ona cavab verməmişdim. Daha sonra onun Aprel döyüşlərində iştirak etdiyini öyrəndim. Hərbçi olduğunu və Vətən müharibəsinə qatıldığını eşitdim. Müharibə bitəndən sonra yenidən yazdı. Artıq bu dəfə cavabsız qoymadım, beləliklə bir-birimizi tanımağa başladıq.

Daha sonra məzuniyyətə gələndə görüşdük və münasibətlərimizi daha da ciddiləşdirdik. Elə cəmi üç ay ərzində nişanlandıq və ailə qurduq. Çox xoşbəxtik.

- Gələcəkdə idman kariyeranızı davam etdirəcəksinizmi?

- Pandemiya ilə əlaqəli bir müddət idmana fasilə vermişdim. Amma həyat yoldaşım karyera məsələsində mənimlə həmfikirdi. O hərbçidir, öz peşəsini sevir və davam etdirir. Həyat yoldaşım baş leytenantdır, vətənə xidmətlərinə görə tezliklə kapitan rütbəsi alacaq. Mən də idmançıyam, öz karyeramı gələcəkdə də davam etdirmək barədə düşünürəm.

Hazırda “ASAN Xidmət”də çalışıram və magistraturada təhsili alıram.

Könül Cəfərli