Xərçəngdən əziyyət çəkən üç uşaq anasının xeyirxah insanların köməyinə ehtiyacı var - FOTO

14:40 15-07-2021 49

Üç ay əvvəl Media.Az süd vəzi xərçəngi diaqnozu qoyulan 1983-cü il təvəllüdlü Ağsu sakini, üç uşaq anası Kamilə Kərimova haqqında yazmışdı.

Məlumat dərc ediləndən sonra hadisəyə laqeyd olmayan insanlar ailəyə müalicə üçün lazım olan məbləğin bir hissəsini toplamağa kömək etdilər, lakin bu, təəssüf ki, yetərli olmayıb.

Qadının ailəsi yenidən redaksiyaya kömək üçün müraciət etmək məcburiyyətində qalıb. Hazırda qadının müalicəsi üçün 3 500 manat məbləğ çatmır.

Xatırladaq ki, zob aşkar edildiyi üçün Kamilə Kərimova onkoloji xəstəliyinin müalicəsini bir müddət təxirə salınmalı olub.

Qadının zobla bağlı problemi hələ tam həll olunmayıb, lakin buna baxmayaraq, həkim ona kimyəvi terapiya seanslarını davam etdirməyə icazə verib.

Məsələ ondan ibarətdir ki, qadında metastazın yayılma riski çox böyükdür, buna görə də bir gün də olsa vaxt itirmək olmaz.

Qadının əri Əvəz Kərimov bizə bildirib ki, həyat yoldaşı dördüncü kimyəvi terapiyanı alıb:

“Vəziyyəti hələ də ağırdır, ancaq bəzi irəliləyişlər də var. Qarşımızda bir neçə kimyəvi terapiya seansı, daha sonra cərrahiyyə və şüa terapiyası var.

Mütəmadi olaraq rayondan Bakıya gəlməli oluruq, buna isə heç də az vəsait tələb olunmur.

Bizim üç uşağımız var. Onlar analarına görə çox nigarandırlar, lakin biz ruhdan düşmürük və onun həyatı üçün mübarizə aparmaqda davam edirik.

Əvvəllər də çox çətinliklə dolanırdıq, özümüzə çox şeyi qıymırdıq, amma indi pulumuz tamamilə bitib”.

Oxucuları bu ailəyə biganə qalmamağa və imkan daxilində onlara kömək etməyə çağırırıq.

Əvəz Kərimovla əlaqə saxlamaq üçün aşağıdakı nömrəyə zəng edə bilərsiniz:

+994 70 828 45 87.

Bank kartının nömrəsi: Kapital Bank 5103 0714 3449 3629. 

Bank kartı Kamilə Kərimovanın atası Nazir Abdullayevin adınadır.