Olimpiadada daha bir qalmaqal

03:00 20-07-2021 580

Tokioda keçiriləcək Olimpiya Oyunlarının açılış mərasiminin bəstəkarı olan Keyqo Oyamada istefa verib.

Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

52 yaşlı musiqiçini bu qərara sövq edən onun ətrafında yaranmış qalmaqal olub.

Belə ki, musiqiçinin 1994-cü ildə “Rockin On Japan” jurnalına verdiyi müsahibə üzə çıxıb. Burada bəstəkar məktəb illərində fiziki məhdudiyyətləri olan insanları ələ saldığını etiraf edib.

Müsahibənin yenidən gündəmə gəlməsindən sonra Oyamada ictimai qınaq mənbəyinə çevrilib və təzyiqlərə dözməyərək, istefa qərarını açıqlayıb.

Həmçinin, musiqiçi keçmişdə törətdiyi əməllərə görə üzr istəyərək, peşmançılığını ifadə edib.