Zəngilanın Ağalı kənd sakinləri 28 il sonra doğma kəndlərində qubran kəsdilər - FOTO

11:00 20-07-2021 524

Zəngilanın Ağalı kənd sakinləri “Ağıllı kənd”də aparılan işlərlə tanış olub, öz yurdlarında qurban kəsiblər.

Kənd Təsərrüfatı Nazirliyindən HerGun.Az-a verilən məlumata əsasən, bir qrup Ağalı kənd sakini öz doğma kəndlərinə gələrək burada görülən işlərlə tanış olublar.

Azad edilmiş ərazilərdə salınan ilk “Ağıllı kənd”in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar tezliklə kəndə qayıtmaq, burada həmişəlik yaşamaq niyyətində olduğunu bildiriblər.  

Ağalı sakinlərinin 28 il sonra öz kəndlərinə gəlişi Qurban bayramına təsadüf edib. Kənd sakinləri bu il niyyət etdikləri qurbanları Ağalının mərkəzi meydanında kəsiblər. Qurbanlıqlar kəsildikdən sonra sakinlər daha bir arzularına çatıblar. Onlar doğma yurdlarında ilk dəfə yemək bişirib, süfrə açıb, Qurban bayramını qeyd ediblər. 

Sakinlərə “Ağıllı kənd”in mahiyyəti, layihə şərçivəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, burada salınan “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “Ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.