İrina Vereşuk: “Ukrayna, Azərbaycan və Türkiyənin müdafiə sahəsində əməkdaşlığı aktuallaşacaq”

14:00 21-07-2021 446

“NATO kursu bizdə Konstitusiyada təsbit edilib. Ukraynanın NATO-ya nə zaman daxil olacağı hələlik məlum deyil, amma düşünürəm ki, söhbət onilliklərdən deyil, illərdən gedir”.

Bu fikirləri “Report”a açıqlamasında Ukrayna Ali Radasının (parlament) Dövlət təhlükəsizliyi və müdafiə komitəsinin sədri İrina Vereşuk bildirib.

Onun sözlərinə görə, Rusiyanın müdaxilələrinə baxmayaraq, dünya dəyişir:

“Təəssüf ki, Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün NATO üzvlüyündən başqa alternativi yoxdur. Strateji tərəfdaşlarla əməkdaşlıq formatlarına gəlincə, həm çoxtərəfli, həm də ikitərəfli formatlar işləyir. Son bir il yarımda Ukrayna Baltik-Qara dəniz regionunda üç yeni beynəlxalq qarşılıqlı fəaliyyət formatının təşəbbüskarı olub: Polşa və Litva ilə Lyublin üçbucağı, Gürcüstan və Moldova ilə assosiativ üçlük və Ukrayna-Türkiyə “Kvadriqa”sı. Sonuncu halda söhbət Ukrayna və Türkiyənin müdafiə və xarici işlər nazirlərinin müntəzəm görüşlərindən gedir”.

Komitə sədri deyib ki, həm Azərbaycan, həm də Türkiyə Ukraynanın strateji tərəfdaşlarıdır:

“Bu baxımdan nə vaxtsa Ukrayna-Azərbaycan-Türkiyə arasında siyasi və müdafiə sahələrində əməkdaşlıq aktuallaşacaq”.