Sumqayıtda müşahidə edilən kəpənək sürüsü insan sağlamlığına zərər vura bilərmi? - AÇIQLAMA + FOTO

15:00 08-09-2021 788

Səhər saatlarında paytaxtda və Sumqayıt şəhərində qəhvəyi rəngli iri kəpənəklər peyda olub. Sürü halında müşahidə edilən kəpənəklər sakinlərin narahatlığına səbəb olub. 

Kəpənəklər həyətlərdə və havada sürü şəklində hərəkət edir. Kəpənəklərin zərərverici olduğu ehtimal edilir.

Məsələ ilə bağlı HerGun.Az Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu ilə əlaqə saxlayıb. İnstitutdan sorğumuzua cavab olaraq bildirilib ki, bu kəpənəklər 5-6 ildən bir kütləvi şəkildə çoxalır:

“Son günlər davam edən küləkli hava şəraiti səbəbindən Abşeron yarımadasında kəpənək sürüsü peyda olub. Kəpənək sürüsü Bakıətrafı ərazilərdə də sürü halında göründüyü deyilir. Həmin kəpənəklər zərərvericilərdir. Kütləvi artım dövrünə düşdüyü üçün əsasən, Abşeron yarımadasında sürü halında yayılıb. Bu hallar xüsusilə xəzri küləyi ərəfəsində yaşanır. Qəhvəyi rəngli iri kəpənəklər pulcuqqanadlılar Lepidoptera-kepenekler dəstəsinə aiddir və zərərvericidir. Onlara həm də “çayır odlucası” da deyilir. Çayır kəpənəyi odlucalardan olub polifaq zərərvericidir. Bir çox kənd təsərrüfatı bitkilərinə zərər vurur. Erkəkləri 18-20 mm, dişiləri 25 mm-ə qədər olur. Qanadları qəhvəyimtil rəngdədir. İl ərzində 2-5 dəfə nəsil verə bilirlər. 

Bitkilərin yarpaqları, tumurcuqları və çiçəkləri ilə qidalanan kəpənəklər kütləvi çoxalma dövründə kənd təsərrüfatı bitkilərinə böyük zərər vurur. Hazırda yetkin fərdlərin çıxış dövrü olduğu üçün onlarla kimyəvi mübarizə aparmağın əsl vaxtıdır. Müxtəlif insektisidlərdən istifadə etmək lazımdır. Zərərvericilərin 5-6 ildən bir kütləvi çıxış dövrü olur. Çox güman ki, bu həşəratların bu il kütləvi çıxış dövrüdür. Qeyd edirəm ki, Abşeronda bu il bərabərqanadlılardan mənənələrin də kütləvi artım dövrü idi”.

Elm ocağından verilən məlumatda o da qeyd olunub ki, kəpənəklərin birbaşa insanlara heç bir zərəri yoxudr:

“Kəpənəklər insanlarla təmas zamanı - dərilərinə qonduqda belə heç bir ziyan verə bilməz. Onlar sadəcə bitkiləri məhv edir. Bu kəpənəklər bir-biriylə cütləşdikdən sonra yumurta qoyacaq. Həşərat polifaq olduğu üçün yumurtalarını müxtəlif kənd təsərrüfatı bitkilərinin üzərinə də qoyur. Yumurtadan çıxan tırtıllar bitkilərin yarpaqları və tumurcuqları ilə qidalanır. İndi yetkin mərhələdə və təxminən 7-10 gündən sonra tırtıl (sürfə) mərhələsində kimyəvi mübarizə aparmaq vacibdir”.

Könül Cəfərli