“Gənclər Forumu” layihəsinə start verildi – FOTO

20:40 10-09-2021 31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin tərəfdaşlığı ilə ADA Universitetinin BMT Modeli (ADAMUN) Klubu tərəfindən həyata keçirilən “Gənclər Forumu” layihəsinin açılışı baş tutub.

Nazirlikdən verilən məlumata görə, Forumda DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Ruslan Mirzəliyev, DOST Agentliyinin DOST Xidmətləri departamentinin direktoru Aygün Musayeva, ADA Universitetinin İctimai və Beynəlxalq münasibətlər məktəbinin dekanı Anar Vəliyev, Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, "Birgə və sağlam" ictimai birliyinin sədri Aytən Eynalova və digər dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri öz sahələri üzrə gənclərə dəyərli məsləhətlər verib, onların bilik və bacarıqlara yiyələnərək gələcəkdə layiqli vətəndaş olması üçün şəxsi təcrübələrini bölüşüblər.

Forumun məqsədi gənclərin sosial-iqtisadi, ictimai-siyasi, təhsil, karyera və məşğulluq, habelə sağlamlıq və digər sahələrdə üzləşdikləri problemlərin mütəxəssislər ilə müzakirə olunması və təhlil edilməsi, eləcə də gənclərin bu problemləri həll etməyə yönəlmiş təkliflərinin irəli sürülməsində birbaşa iştirakının təmin olunmasıdır.

Qeydiyyat və müsahibə mərhələlərindən uğurla keçən 32 nəfər tələbə və məzun 3 gün boyunca müəyyən olunmuş mövzularda müxtəlif spikerlərin çıxışları, müvafiq faydalı mövzularda keçirilən təlimləri dinləməklə eyni zamanda tədbirin ikinci günü mentor dəstəyi alaraq tədbirin son günü öz təqdimatlarını edəcəklər. 3 qalib komandanın iştirakçılarına tərəfdaşlar və ADA universiteti tərəfindən müxtəlif mükafatlar veriləcək.

Forum 3 gün davam edəcək.