“Peru Jurnalistlər Federasiyası”nın rəhbəri Bakıdakı səfirliyin bərpasına çağırıb – FOTO

23:00 10-09-2021 482

Perunun “Guik” mətbu portalında, tanınmış jurnalist, siyasi şərhçi, ötən ay Azərbaycanda səfərdə olmuş Rikardo Sançes “Perunun Azərbaycan ilə münasibətləri” sərlövhəli məqalə dərc edilib.

Bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizdə səfərdə olmuş jurnalist yazısında ölkəmizin gözəlliyi, əlverişli iqtisadi potensialı və malik olduğu zəngin təbii sərvətləri barədə geniş məlumat verib.

Yazıda Azərbaycanın iqtisadi-sosial potensialı, enerji, nəqliyyat və digər əlverişli biznes imkanlarından, siyasi sisteminin sabitliyindən, eləcə də ölkəmizin həyata keçirdiyi iri miqyaslı layihələrdən, Azərbaycanın dünya birliyinin etibarlı tərəfdaşı və layiqli üzvünə çevrildiyi qeyd edilir və Peru ilə ticari-iqtisadi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq perspektivlərindən bəhs edilir.

Jurnalist Perunun yeni hakimiyyətinə müraciət edərək, bu ölkənin Bakıdakı səfirliyinin fəaliyyətinin bir neçə il öncə dayandırılmasına rəğmən fəaliyyətin bərpasına çağırır, bunun iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirəcəyinə və Peru ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini qeyd edir.

Müəllif ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verən parlamentlərarası dostluq qruplarının fəal işini qeyd edir.

Sonda jurnalist COVID-19-la əlaqədar yaranmış problemin tezliklə aradan qalxacağına və iki ölkə arasında qarşılıqlı faydalı səfərlərin həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.