Azərbaycanlı gənc “Bayraktar”dakı təcrübəsindən DANIŞDI - FOTO

15:00 11-09-2021 22

Vətən müharibəsində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı “Bayraktar TB2” də diqqət mərkəzinə gəldi. O da məhz həmin dövrdə bu pilotsuz uçuş aparatını istehsal edən “Baykar” şirkətini araşdırmağa başlayır və orada təcrübə keçmək arzusu yaranır. Ətrafındakılara “Mən ora təcrübə proqramına müraciət edəcəyəm” deyir və bu istəyini reallaşdırır. Söhbət azərbaycanlı gənc Orxan Əfəndidən gedir.

Orxan Əfəndi Fikrət oğlu 1999-cu il avqustun 9-u Şabran rayonunda anadan olub. Orta təhsilini Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta məktəbdə alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakültəsində elektrik mühəndisliyi üzrə bakalavr təhsili alıb. Hazırda Eskişehir Osman Qazi Universitetində elektronika mühəndisliyi üzrə magistr təhsilini davam etdirir.

“Kaspi” qəzeti Orxan Əfəndi barəsində məqalə dərc edib.

Orxan ilk olaraq elektrik mühəndisliyini ixtisas kimi seçməsindən danışıb. O bildirib ki, valideynləri stomatoloq olmağını istəsələr də, öz istəyinin arxasınca gedib:

“Atam fizika müəllimi olduğu üçün marağım bu fənnə idi. İstəyirdim ki, gələcək ixtisasım ya fizika müəllimi, ya da ona yaxın sahə üzrə olsun. Beləliklə, 15-16 yaşımda elektrik mühəndisliyini seçdim. Bu qərarı verməyimin səbəbi isə məşhur ixtiraçı Nikola Tesla oldu. Hər zaman onun həyat və yaradıcılığı ilə maraqlanırdım, işləri ilə bağlı məlumat əldə etməyə çalışırdım. Bu, məni həvəsləndirdi və ona görə elektrik mühəndisi olmaq qərarı verdim”.

Orxanın sözlərinə görə, elektrik mühəndisliyi oxuyan adamın tələbə vaxtı təcrübə keçməsi çox vacibdir. Ona görə, hələ bakalavr təhsili dönəmində təcrübə cəhətdən aktiv olmağa çalışıb:

“Elektrik mühəndisliyi elədir ki, burda oxumaqla iş bitmir. Gərək təcrübən də olsun, işi öyrənəsən, sonra özünə elektrik mühəndisi deyə biləsən. Buna görə bakalavr təhsilim zamanı hər il təcrübədə olmağa çalışırdım. Tələbə yoldaşlarımla təcrübə proqramlarını araşdırırdıq, müraciət edirdik. Bəzən isə müəllimlərdən köməklik istəyirdik, yönləndirirdilər. İlk təcrübəm ikinci kursun sonunda oldu. “Azərtexnolayn” zavodunda üç aylıq təcrübəçi elektrik mühəndisi kimi çalışdım. Üçüncü kursun sonunda “Socar Polimer”də bir aylıq təcrübə keçdim. Dördüncü kursu bitirəndə isə “Facility Management Group”da üç aylıq elektrik layihə mühəndisi kimi çalışdım”.

Növbəti təcrübə yeri kimi isə “Baykar”ı məqsəd olaraq götürür. Azərbaycanda bu məqsədi ilə bağlı danışanda ətrafındakıların inamsızlığı ilə qarşılaşır:

“Bu hədəfimi Azərbaycanda tanışlarıma dediyim zaman məni motivasiyadan salacaq tipli cavablar alırdım. “Necə gedəcəksən?”, “Necə qəbul olacaqsan?”, “Alınmayacaq” və s. deyirdilər. Buna baxmayaraq, Türkiyəyə gəldim, təcrübə proqramına qatılmaq qismət oldu. Mənə qəbulla bağlı elektron məktub gələndə “alınmayacaq” deyən adamlara göndərdim (gülür). Dedilər ki, halaldır”.

Bu istəyinin necə reallaşmasına gəlincə, Orxan bunları bildirib:

“Ötən il oktyabrın 4-ü Türkiyəyə getməli idim. Dərslər onlayn olduğu və Azərbaycanda Vətən müharibəsi getdiyi üçün ölkədə qaldım. 2021-ci ilin fevral ayında Türkiyəyə getdiyim zaman bir həftə sonra “Baykar” təcrübə proqramı üçün müraciət qəbulu başladı. Mən də ora müraciət etdim. Özün haqqında məlumat verirsən və CV-ni yollayırsan. Martın 17-dən sonra cavablar elan olundu və ikinci tura çağırıldıq. Onlayn sınaq oldu və orda ixtisasımız haqqında suallar verildi. Üçüncü turda isə bizə niyə “Baykar”ı seçməyimizlə bağlı sual verdilər, şirkətin şüarı ilə bağlı videoçarx hazırlamaq tapşırıldı. Bunu göndərdikdən bir ay sonra cavablar çıxdı. 13 minə qədər müraciət olmuşdu, 750 nəfər seçilib. Mən də seçilənlər arasında idim. “Baykar”da təcrübə proqramı avqustun 2-si başladı. Sentyabrın 18-i bitməli idi. Amma müddəti sentyabrın sonuna qədər uzatdılar”.

Deyir ki, “Baykar”ın zavodunun əməkdaşları onu çox xoş qarşılayıblar:

“Azərbaycanlı olduğumu biləndə “Can Azərbaycan”, “Qardaş, xoş gəlmisən” dedilər”.

Orxan bildirdi ki, hazırkı təcrübə müddəti çox maraqlı keçir:

“İlk gün getdiyimiz zaman bizə iş bölgüsündə tapşırıq verdilər. Boş vaxtında digər işlərə də baxa, kömək edə biləcəyimizi bildirdilər. Burada təcrübədən çox işləyirik, işin içində oluruq. Son zaman Azərbaycanda təcrübələrdə bizə işin içində olmağa çox da icazə vermirdilər. Burada təcrübəçinin də işçi kimi olduğunu qəbul edərək ona da müəyyən qədər iş verilir”.

O, şirkətdə təcrübəçilərin bütün suallarının cavablandırılmasının qayda olduğunu da bildirib:

“Daxili qayda belədir ki, təcrübəçi sizə istədiyi qədər sual verəcək, siz də onu hər zaman cavablandıracaqsınız. Zavodun işçisi təcrübəçiyə “Bilmirəm”, “Boş vaxt olanda başa salaram”, “Sonra gələrsən, deyərəm” və s. deyə bilməz. Hər zaman cavablandırmalıdırlar. İşçilərlə təcrübəçilər arasında gözəl əlaqə yaranıb. Onlara “hoca” yox, “abi” deyə müraciət edirik. Zavodun basketbol, futbol meydançası, parkı, idman salonu var. Hər gün bir saatlıq istirahət müddətimizi zavodun işçiləri ilə orada keçiririk. Təcrübə də yaxşıdır, çox şey öyrənirik, amma burda vaxtımız da yaxşı keçir”.

Orxanın hazırkı istəyi isə “Baykar”ın işçisi olmaqdır:

“Baykar”da təcrübəçi deyil, elektrik mühəndisi kimi çalışmağı çox istəyirəm. Həqiqətən də, insan sevdiyi ixtisasda və sevdiyi yerdə çalışsa, gözəl nailiyyətlər əldə edir. Sevdiyim ixtisasdayam, sevdiyim yerdə də çalışa bilsəm, inanıram ki, gözəl nailiyyətlər əldə edə bilərəm”.