Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ

12:00 13-09-2021 427

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 34 dövlət orqanında 208 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 2021-ci il 12 oktyabr saat 18:00-dək mərkəzin internet portalında qeydiyyatdan keçməlidirlər.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər; 

- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər. 

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilən şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilən məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin nəticəsi barədə məlumat mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (30 vəzifə), Dövlət Turizm Agentliyi (21 vəzifə) və Gənclər və İdman Nazirliyi (20 vəzifə) tərəfindən təqdim olunub. 

Müsabiqənin müsahibə mərhələsinə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Turizm Agentliyində Maliyyə və texniki təchizat şöbəsində, şöbə müdirinin müavini və Hesablama Palatasında Ümumdövlət xidmətlərinin auditi şöbəsi, Dövlət borcunun auditi sektorunda məsləhətçi vəzifələridir.

Ümumilikdə, müsahibəyə çıxarılmış 206 vakant inzibati vəzifənin 7-si AB, 7-si AC, 56-sı BA, 136-sı isə BB vəzifə qrupuna aiddir.