Həkim: “Mənim allergiyam var və peyvənd olmaz” düşüncəsi əsassızdır”

17:40 08-10-2021 22

“Azərbaycanda artıq buster (üçüncü doza) dozanın vurulmasına başlanılıb”.

Bunu HerGun.Az-a açıqlamasında həkim-infeksionist Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, üçüncü dozanı koronavirus əleyhinə vaksinin ilkin dozasının üzərindən altı ay və daha çox müddət keçmiş şəxslər, yüksək risk qrupunda işləyənlər (səhiyyə, təhsil, vətandaşlara xidmət sektoru və.s), 65 yaş üzəri, 18 yaş üzəri və xroniki xəstəlikləri olan şəxslər mütləq şəkildə peyvəndlənməlidir:

“Dünya praktikasında əsasən, üçüncü doza olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə və ölüm halları aşağı düşüb. Bunları nəzərə alaraq pandemiya dövrünün hələ də davam etdiyini düşünərək mütləq şəkildə peyvəndləmə aparılmalıdır”.

“Bəzən insanlarda yanlış düşüncə olaraq “Məndə şəkər var və peyvənd olmaz”, “Mənim allergiyam var və peyvənd olmaz” - deyə düşünürlər. Bunlar əsassızdır. Kəskin bir vəziyyət olmadığı halda mütləq vaksinasiya prosesindən keçmək lazımdır”, - deyə o qeyd edib.

Həkim əlavə edib ki, bəzən koronavirus əleyhinə vaksinin birinci və ya ikinci dozasını qəbul etdikdən sonra nadir halda da olsa, ciddi yan təsir ola bilər:

“Bu hal dünya praktikasinda da az görülüb. Həmin halla rastlaşan vətəndaş müraciət edərək həkim komissiyası tərəfindən müayinə oluna bilər. Daha sonra “Əks göstəriş” sertifikatı verilə bilər”.

İlhamə Əbülfət