Ermənistanda peyvənd xaosu

00:40 11-10-2021 569

Bir tərəfdən müharibənin nəticələri, digər tərəfdən sosial-iqtisadi problemlərin günbəgün artması Ermənistan hakimiyyətini ciddi problemlərlə üz-üzə qoyub. Qərbin vəd etdiyi milyonlarla dollar investisiyadan xəbər yoxdur, miqrasiya isə sürətlə artır. Neçə müddətdir ki, mövcud problemlərin sırasına daha biri də əlavə edilib. Koronavirus pandemiyasına qarşı peyvəndlənmə kampaniyası ölkəni ciddi narazılıqla üz-üzə qoyub.

“Kaspi” qəzeti Ermənistanda baş verənlərlə bağlı geniş məqalə yayımlayıb.

Ölkə rəhbərliyi dövlət orqanlarında çalışan hər kəsin COVID əleyhinə peyvənd olunmasını məcburi etsə də, statistika ən aşağı həddədir: sentyabrın əvvəlində yeni qanun elan edildikdə bəlli olub ki, ermənilərin cəmi beş faizi peyvənd olunub.

Qərbin nüfuzlu "Eurasianet" nəşri yazır ki,  bu həftədən qüvvəyə minən qanun bəzi siyasətçilərin, əhalinin müəyyən təbəqəsinin ciddi narazılığı və müqaviməti ilə üzləşib: nəticədə peyvənd əleyhinə kampaniyanın yeni dalğası başlayıb. Yeni qaydalara görə, işçilər ya işəgötürənlərə peyvənd sertifikatı göstərməli, ya da hər 14 gündən bir mənfi PCR testi təqdim etməlidirlər. Testlər üçün xərclənən məbləğ əksər ermənilərin aylıq maaşlarının əhəmiyyətli hissəsinə bərabərdir.

Parlamentdəki ən böyük müxalif qüvvə - keçmiş prezident Robert Köçəryanın başçılıq etdiyi "Ermənistan İttifaqı” qanunu pisləyən bəyanat yayaraq "peyvəndləmə hər kəsin məcburi deyil, düşünülmüş qərarının nəticəsi olmalıdır" fikrini ifadə edib. Hökumət isə PCR testlərinin dəyərini ödəməlidir. İttifaq Konstitusiya Məhkəməsindən yeni qanunun dayandırılmasını istəyib.

Bu yay keçirilən seçkilərdə "Ermənistan ittifaqı”nın namizədlərindən olan vəkil Robert Hayrapetyan "facebook"da yeni qaydaları pozmaq istəyənlər üçün təlimat yerləşdirib: "Əgər peyvənd və ya PCR testi olmadan işə gəlsəniz, işəgötürənin sizi işdən çıxarmaq haqqı yoxdur. Unutmayın ki, heç kimin, xüsusən də nazirin əmri ilə peyvəndlənməyə məcbur etmək haqqı yoxdur. Yalnız istəsəniz peyvənd oluna bilərsiniz".

Hökumətin bu qaydaların baş nazir, prezident və ya millət vəkilləri kimi yüksək rütbəli məmurlara şamil edilməyəcəyi ilə bağlı açıqlaması da narazılığı artırıb. Ədliyyə Nazirliyi bu cür istisnaları nəzarət səlahiyyətləri olmayan vəzifəli şəxslərə müraciətlərin hüquqi mürəkkəbliyi ilə izah edib. Məsələn, peyvənd olunmayan prezidenti işdən çıxara biləcək heç kim yoxdur. Bu da ikili standartlar görən ermənilər arasında mənfi reaksiyaya səbəb olub. Bu arada, radikal sağ hərəkatlar peyvəndləmə prosesinə qarşı etiraz dalğası başlatmaq fürsətindən istifadə etmək qərarına gəliblər.

Məsələn, özünü "İşıq Ordusu" adlandıran qrup mütəmadi olaraq küçə mitinqləri təşkil edəcəklərini açıqlayıb. Sağçı siyasətçilər də hökumətin peyvəndləmə səylərinə qarşı qruplar və təşəbbüslər yaradıb. "İradə Azadlığı" adlı təşkilat erməniləri peyvəndlərlə bağlı "ciddi fəsadlar və ölüm" halları haqqında məlumatları göndərməyə çağırıb. Bu məlumatlar təşkilata üzv həkimlər tərəfindən araşdırılacaq.

Qrup müxalifətin başçılıq etdiyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Daimi Parlament Komissiyasına da müraciət edərək səhiyyə naziri Anahit Avanesyan ilə görüşüb.  Görüş zamanı Avanesyan koronavirusun daha yoluxucu Delta növünün yayılması səbəbi ilə peyvənd edilənlərin də maska​​taxmalı olduqlarını söyləyib. Bir çox xəbər agentliyi, xüsusən də müxalifət mətbuatı bundan istifadə edərək "Peyvənd yoluxmanı istisna etmir: Anahit Avanesyan" başlıqlı yazılar dərc edib.

"Hüquqi baxımdan, normativ hüquqi aktlar təsirsizdir, üstəlik, hökumət əmək qanunvericiliyinə riayət olunmasını təmin etmək üçün lazımi dəyişikliklər etməyib" - deyə Ermənistan İşəgötürənləri Respublika Birliyinin rəhbəri Qaqik Makaryan İctimai Televiziyanın efirində bəyan edib. Əlavə edib ki, artıq ikinci ildir ki, koronavirus xaosundayıq, lakin müvafiq hökumət idarələri bu məsələləri həll etmir, əmək qanunvericiliyində əhəmiyyətli dəyişikliklər edilməyib: "Bunun nəticəsində qaydalar işəgötürənlər üçün əhəmiyyətli risklər yaradıb: bir tərəfdən qaydalara riayət etmədikləri üçün dövlət tərəfindən cərimələnə bilərlər. Digər tərəfdən, tələbləri yerinə yetirdikləri üçün işçilər tərəfindən mühakimə oluna və məhkəmə tərəfindən cərimələnə bilərlər”.

Səlahiyyətlilər, işəgötürənlərin qaydalara riayət etməyən işçiləri işdən çıxarmaq hüququnun olduğunu israr edirlər. Səhiyyə və Əmək Müfəttişliyi, lazım gələrsə, gündə iki dəfə müəssisələrdə yoxlama aparmaq hüququna sahib olduğunu və qanun pozuntularına görə müəssisələri 120 min dram (təxminən 240 dollar) məbləğində cərimələyə biləcəyini bildirib.

Bu arada, saxta peyvənd sertifikatları ilə genişmiqyaslı alver haqqında söz-söhbətlər ölkəni bürüyüb. Ermənistan Milli Təhlükəsizlik Xidməti hazırda saxta peyvənd sertifikatı hazırlamaqla bağlı iki halın araşdırıldığını bəyan edib. İnternetdə həkimlərin saxta sertifikat verməsi ilə bağlı geniş müzakirələr gedir və bəzi sosial media istifadəçiləri peyvənd olunmaq əvəzinə, saxta sertifikatı necə əldə etməyi məsləhət görürlər.