Tanınmış fotojurnalist Reza Deqati yeni televiziya layihəsinə başladı - VİDEO

16:40 11-10-2021 384

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati “Azad Azərbaycan” telekanalında “Foto Diqqət!” adlı yeni birgə layihənin icrasına başlayıb.

Bu barədə fotojurnalist öz “YouTube” kanalında paylaşım edib.

Qeyd edək ki, sentyabr ayının 27-dən etibarən başlayan layihə çərçivəsində dünyaca məşhur fotoqrafın 90-cı illərin Qarabağ və Vətən müharibələri dövründə çəkdiyi fotoşəkillər videohekayə formatında izləyicilərin diqqətinə çatdırılır.

Sözügedən videohekayələrdə müharibənin məhv etdiyi insan taleləri, eləcə də Azərbaycan əsgərinin şücaəti əks etdirilir. Reza Deqati çəkdiyi hər bir fotonun tarixçəsindən bəhs edərək vaxtilə işğal altında olan və dağıntıya məruz qalan ərazilərimizdə baş verənləri şəkillər vasitəsilə nümayiş etdirir.

Qarabağ həqiqətləri barədə mütəmadi olaraq dünya ictimaiyyətini və beynəlxalq medianı məlumatlandırdığını vurğulayan R.Deqati “Foto Diqqət!” layihəsini 44 günlük müharibədə qələbəyə imza atmış Azərbaycan xalqına hədiyyə etdiyini bildirib.

“Azərbaycanla bağlı həqiqətləri fərqli dillərdə və müxtəlif platformalarda paylaşmağa davam edəcəyəm. Bu məsuliyyətli işin icrasında ADA Universiteti də öz dəstəyini əsirgəmir. Universitetlə birgə həyata keçirdiyimiz layihə çərçivəsində 30 ilə yaxın müddət ərzində Qarabağ müharibəsilə bağlı çəkdiyim arxiv şəkillərimi sərgiləyəcəyəm”, - deyə fotojurnalist əlavə edib.

Qeyd edək ki, 44 bölümdən ibarət olan birdəqiqəlik videohekayələri “Azad Azərbaycan” telekanalında axşam saat 20:30 xəbərlərindən dərhal sonra izləmək mümkündür. Hekayələr noyabr ayının 10-dək nümayiş etdiriləcək.

Layihənin tanıtım çarxına keçid vasitəsilə nəzər sala bilərsiniz.

Reza Deqatinin rəsmi sosial media hesabında Qarabağ müharibəsini əks etdirən şəkillərlə tanış olmaq mümkündür: