İrəvanda Tehranın əmrinə “müntəzir” məmurun sərsəm bəyanatı: İran və Ermənistanın “terror keçmişi”

17:40 13-10-2021 28

İran və Ermənistan arasında artıq uzun illərdir müşahidə olunan qarşılıqlı “sevgi” bir çox hallarda regionumuz üçün qeyri-sabitliyə zəmin olur, bölgənin sülh və əmin-amanlığına təhdid yaradır.

Heç şübhəsiz ki, bu ikili arasındakı münasibəti sadəcə “dövlətlərarası mehriban qonşuluq” adlandırmaq ən sadə şəkildə səhv olardı. Bu münasibətlərin pərdəarxasında məkrli planlar, mənfur düşüncələr və maraqlar dayanır.

İşğalçı Ermənistana verdiyi dəstək azmış kimi, işğala son qoyulduqdan sonra isə bu qayğı və sevgini daha nümayişkaranə şəkildə göstərmək İranın Qafqazdakı gizli planlarını da ortaya qoyur. Ortaya çıxan mənzərə aşkar şəkildə İranın bölgədə sülhə maraqlı olmadığını, regionumuzdakı qarışıqlıq və gərginliyin birbaşa onun planlarında olduğunu göstərir. Yəni, İranın maraqlarını təmin edən məhz ədavətin qorunub saxlanıldığı, etimad mühitinin olmadığı, dolayısı ilə gizli və qanunsuz əməlləri rahat şəkildə icra etmək üçün mükəmməl platforma ola biləcək “xaos”un hökm sürdüyü bir Qafqazdır.

İranın “böyüklük” sindromu, regiona “ağalıq” etmək istək və planları Azərbaycan başda olmaqla müstəqil siyasət yürüdən və öz maraqlarını inamla müdafiə edən dövlətlər tərəfindən iflasa uğradılıb. Ambisiyalarının əsirinə çevrilmiş İranın əlində regionda öz təxribat xarakterli əməllərini diktə edə biləcəyi bircə Ermənistan qalıb.

Odur ki, bu aciz və çarəsiz durum İranı özü kimi regionumuzdakı sabitliyə təhdid olan Ermənistanla daha da yaxınlaşdırıb. Təsadüfi deyil ki, Azərbaycanın 44 günlük müharibə ilə işğala son qoymasından sonra rüsvayçı şəkildə məğlub olan Ermənistanın ortaya atdığı terrorçularla bağlı iddia məhz elə İran tərəfinin dilindən səsləndirilməyə başlayıb.

Heç bir əsası olmayan, fakta söykənməyən və sadəcə aciz Ermənistan dövlətinin bir uydurması olan bu iddianı növbəti dəfə İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzir səsləndirib. O, İrəvana səfəri çərçivəsində bildirib ki, sərhədlərindəki “terrorçular İran və Ermənistan üçün qəbuledilməzdir”.

İranlı məmurun açıqlamasının və səfərinin, bu tərəflər arasında “sevgi”nin əsl mahiyyətini ortaya qoyan sözləri isə bunlar olub:

“İran və Ermənistan arasında diplomatik və siyasi münasibətlər həmişə yaxşı olub. Ancaq regionda son baş verənlər bizi bu əlaqələri daha da inkişaf etdirməyə vadar edir”.

Göründüyü kimi, iranlı nazir öz dili ilə regiondakı sabitlik və sülhün bərqərar olması istiqamətində atılan addımların qəbuledilməz olduğunu vurğulayır, ölkəsinin buna əngəl olmaq üçün Ermənistanla daha da yaxınlaşmağa başladığını riyakarcasına bəyan edir.

İranlı nazir utanmadan Ermənistanda oturub Azərbaycana terrorçularla bağlı böhtan atır, mənfur erməni təbliğatının dəyirmanına su tökür. Əslində isə həmin dəyirmanı təkcə erməni təbliğatına aid etmək də olmaz, həmin məkrli təbliğat maşınını hazırda Ermənistan-İran qardaşlığı birgə idarə edir.

Riyakarcasına edilmiş bu açıqlama və buna uyğun digər bəyanatlar isə reallığı qətiyyən dəyişmir. Regionumuzdakı terror təhdidinin mənbəyi və əlaltıları bütün dünyaya bəllidir. Əgər İranın baş prokuroru və onun şəxsində Azərbaycana qarşı böhtan kampaniyasına rəvac verən digər iranlı və erməni məmurlar, rəsmilər, siyasətçilər unudublarsa, onlara özlərinin terrora isti münasibətlərini məmnuniyyətlə xatırlada bilərik.

“Erməni terrorizmi” termini ilk dəfə ABŞ-da 1982-ci il avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmən istifadə edilmişdir. Ancaq onun köklərinin daha qədim olması şübhə doğurmur. Ermənilər dünya tarixinə törədilmiş yüzlərlə terror aktı və aşağıdakı terror təşkilatları ilə düşüblər:

Armenakan, Sosial Demokrat Hnçak Partiyası, Daşnaksütyun, Erməni soyqırım ədalət komandosları, Yeni erməni müqaviməti, ASALA, Erməni gizli azadlıq ordusu, Erməni inqilab ordusu, Erməni azadlıq cəbhəsi, Orli qrupu, İntiharçılar eskadronu, Erməni birliyi, Gənc ermənilər ittifaqı, 9 iyun qrupu, Erməni azadlıq hərəkatı, Geqaron, Apostol, İsveçrə qrupu, Demokratik cəbhə və bir çox digərləri.

Bu siyahını daha da uzatmaq və onların hər birinin fəaliyyətinə çox qısa nəzər salsaq belə bunun üçün aylarla vaxt tələb olunardı. Təkcə ermənilərin türkiyəli diplomatlara qarşı bütün dünyada törətdikləri terror aktları, Azərbaycanda törədilmiş insanlıq əleyhinə cinayətləri və son olaraq müharibə dövründə bu ölkənin hərbi-siyasi rəhbərliyinin cəbhədən çox uzaqlardakı dinc şəhərlərimizə qarşı törətdiyi terror hücumlarını xatırlatmaqla kifayətlənirik.

İndi isə digər tərəfə qısa xatırlatma edək. İran dövləti rəsmi olaraq ABŞ tərəfindən terroru maliyyələşdirən ölkələr siyahısına salınıb. ABŞ Dövlət Departamentinin “Qlobal terrorizmin formaları” adlı hesabatında qeyd olunur ki, 2003-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi bir çox terror aktlarının planlaşdırılması və həyata keçirilməsində iştirak edib. Həmçinin İranın “Əl-Qaidə” terrorçularına sığınacaq verməsi də vurğulanıb. Yeri gəlmişkən SEPAH-ın özü də ABŞ tərəfindən rəsmi şəkildə terror qruplaşması elan edilib. İran bu baxımdan da tarixə düşüb, çünki hansısa dövlətin ordusunun terror qruplaşması elan edilməsi baxımından bu hal tarixdə birinci olub.

Hər iki dövlətin “terror” keçmişi “parlaq”dır. Ermənistan dövləti hələ də gizli yollarla ASALA terrorçularını himayə edir, Suriya və Livan terrorçuları ilə geniş əlaqələr saxlayır, hətta onlardan 44 günlük müharibə zamanı da istifadə edib. İran isə bu gün Yaxın Şərqdə radikal terror qruplaşmalarının əsas himayədarı və tədarükçüsü hesab olunur.

Qısaca desək, regionumuzda və hətta onun hüdudlarından kənarda belə xaos və qarşıdurmaların, təxribatların altında çox zaman bu iki tərəfdən biri və ya eyni anda hər ikisi çıxa bilir.

Belə olan halda isə istər Ermənistanın, istərsə də İranın Azərbaycana terror vasitəsilə qara yaxmaq cəhdləri təkcə bizim üçün deyil, eyni zamanda beynəlxalq ictimaiyyət üçün gülünc bir vəziyyətə çevrilir.

Terrorun dəstəkçilərinin əl-ələ verib terrordan əziyyət çəkən, ona qarşı daim mübarizə aparmış Azərbaycana qarşı böhtan atması isə artıq erməni riyakarlığının hüdudlarını aşan məsələdir. Artıq bu riyakarlığın adı “Ermənistan-İran” olaraq dəyişdirilməlidir. Onları bu addım sövq edən isə hər iki dövlətin acınacaqlı durumda olması və bütün dünya qarşısında iç üzlərinin ifşa olunmasıdır...

İranlı nazir, Tehranda verilmiş əmrlərə “müntəzir”dir, bu, aydındır. Ancaq onun söylədiklərində yeganə bir həqiqət var. Sərhədlər yaxınlığında terrorçular mövcuddur, ancaq qətiyyən Azərbaycan sərhədləri daxilində deyillər...

Orxan Tağıyev