Kişi üç ildir küçədə yaşayır, dövlət orqanları onu görmür: Bakının evsiz sakini ilə REPORTAJ + FOTO

13:20 14-10-2021 341

Boşluq nədir? Sakit bir xiyaban, dolabdakı boş çəkməcə, ya bəlkə həyatda məqsəd və maraqların olmaması? 56 yaşlı Azərbaycan vətəndaşı Rövşən Orucov üçün boşluq həyətin ortasındakı köhnə bir kreslodur, hansı ki, uzun aylar onun “evidir”. Küçədə yaşadığı üç il ərzində o, bir çox şeylə - sevdiklərinin laqeydliyi, yad adamların şəfqəti və ən dəhşətlisi isə bəzi insanların (əgər belə adlandırmaq mümkündürsə) qəddar münasibəti ilə üzləşib...

Bahruz Nuriyev küçəsi, 21. Bakının ən adi yaşayış küçəsi: ətrafda diqqət çəkməyən evlər, qonşuların ünsiyyət qurduğu çardaqlar, həyətdə oynayan uşaqlar... Ancaq həyətlərdən birində ağacın yanında tənha kreslo görmək olar. Artıq bir neçə aydır ki, orada Rövşən Orucov sözün həqiqi mənasında yaşayır.

Kişinin sahib olduğu tək şey paltar, kolbasa çörək və su (bu gün yoldan keçənlər gətirib), həmçinin ayaqlarının isidildiyi yuxu çantasıdır (“spalnik”) .

Media.Az Bakının evsiz sakinindən reportaj hazırlayıb.

Jurnalistləri görən kişi şikəst, şişmiş ayaqlarını və qollarını göstərməyə başlayıb.

“Məni polis sahə müvəkkili döyüb, o, qonşu küçədədir... Mən əvvəllər orada yaşayırdım, amma baş verənlərdən sonra bu həyətə “köçmək” və bu kresloda yaşamaq qərarına gəldim”, - deyə həmsöhbət ah çəkərək deyir.

Kişi döyüldükdən sonra heç yeriyə bilmir.

“O, gündə dörd dəfə məni çubuqla döyürdü. Ondan dayanmasını xahiş edirdim, amma o, dayanmırdı... ”, - Rövşən Orucov acı xatirələrini bölüşür.

Söhbətimizə qonşular toplaşdılar. Dərhal dialoqa girən həyət sakinləri eşitdiklərindən təəccüblənmədilər.

“Niyə zərərsiz bir insanı döyür, qoy narkomanları və cinayətkarları tutsun!”, - deyə qadınlardan biri yüksək səslə etirazını bildirir.

Sahə müvəkkili barədə deyilənlər cinayətkarlar haqqında dəhşətli əfsanələr kimi səslənirdi. Kimi onu şeytan, kimi sadəcə pis adam adlandırdı.

Bir sözlə, bütün qonşular qəhrəmanımızın tərəfində idi. Məlum oldu ki, onlar mütəmadi olaraq kişiyə kömək edir, gələcək taleyindən və qarşıdakı soyuq qışdan necə xilas olacağından narahatdırlar. Hər gecə, tam olaraq saat 11:00-da tənha kişinin yanına bir gənc gəlir, ona yemək gətirir, hətta bəzən ona bir-iki manat da verir.

Əlverişsiz hava şəraitindən onu xilas edən yuxu çantası da həmin xeyirxah tərəfindən verilib.

“O, ayaqlarımı sarğıladı və müalicə etdi. Ona çox minnətdaram... ”, - Orucov kövrək səslə deyir.

Qonşulardan biri kişinin küçədə necə qaldığını bizə danışdı. Onun sözlərinə görə, Rövşən Orucovun kriminal keçmişi var.

Kreslo “sakininin” özünün dediyinə görə, uşaqlıqda yaxşı oxuyub, amma xuliqan olub və erkən yaşlarından “oğru dairəsinə” düşüb.

“Beşinci sinifdə bir davaya qarışdım, nəticədə məktəbə uşaqlarla iş üzrə müfəttiş gəldi. Direktorla birlikdə məni və uşaqları kabinetə apardı və çoxlu döydü. Biz də qisas almaq qərarına gəldik”, - deyə Rövşən Orucov gülümsəyərək xatırlayır.

Onun sözlərinə görə, uşaqlarla birlikdə gecə yarısı məktəbə daxil olaraq bütün şüşələri sındırıblar.

“Bundan sonra məktəbdən qovuldum. Valideynlərim isə məni başqa məktəbə göndərmədilər, anam hərəkətlərimdən bezmişdi. Onlar heç bir şey etmədilər və ümumiyyətlə məni boş buraxdılar”, - deyə kişi kədərlə bildirir.

Həmin vaxtdan Rövşən Orucovun həyatı dəyişməyə başlayıb. 14 yaşında özündən böyüklər ona “zona gedən yol” mənasına gələn döymə vurdular.

Neçə il həbsxanada keçirdiyi ilə bağlı suala isə kişi utanaraq cavab verir: “Çox... Oğurluğa görə...”

Ailəsi ilə tam əlaqəni o, həbsxanada olanda itirib. Atası 1992-ci ildə, anası isə o, dəmir barmaqlıqlar arxasında qaldığı müddətdə ölüb. 2018-ci ildə həbsxanadan qayıdanda isə öyrənib ki, yeganə bacısı anasının yaşadığı mənzili satıb. O, qardaşını yaxınına buraxmayıb və heç bir şəkildə kömək etmək istəməyib. Kişinin sözlərinə görə, bacısının öz evi var və heç nəyə ehtiyacı yoxdur. Onun başqa qohumları yoxdur.

“Öz bacısı tərk edən birisi, kimə lazımdır”,  - deyə qonşulardan biri haqlı olaraq qeyd edir.

Keçmiş məhkum yaşayış icazəsini itirib, heç kim işə götürmür, müraciət etdiyi hər kəs isə onu özündən uzaqlaşdırır.

“Dayanacaqda gözətçi işləyirdim. Uşaqlar donmamağım üçün bir köşk tikdilər. COVID-19 pandemiyası başlayanda, həmin rayonun sahə müvəkkili məni guya koronavirusla bağlı test verməyim üçün 36 günlük Maştağaya, bir tibb müəssisəsinə göndərdi. Qayıdanda gördüm ki, köşk dağılıb. İçində bəzi əşyalar və sənədlərim var idi. Pasportum yandırıldı. Qayıdanda məni boşluq gözləyirdi...”, - deyə kişi bildirir.

Ərzaq almaq təklifinə Orucov qəti şəkildə imtina edərək, hər şeyi olduğunu dedi. Bundan sonra yalnız siqaret istədi. Onun ehtiyac duyduğu tək şey müalicə və sığınacaqdır. Onun sözlərinə görə, ayağa qalxan kimi iş tapmaq və bacısı oğlu ilə ünsiyyət qurmağa çalışmaq istəyir.

Media.Az Rövşən Orucovun sığınacaqda yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimova müraciət edib.

“R.Orucovu sığınacağa qəbul edə bilərik, amma bunun üçün müalicəyə ehtiyacı var. Onun virus xəstəlikləri, alkoqol və ya narkotik asılılığı olmadığından əmin olmalıyıq. Agentliyimiz bu məsələlərlə məşğul olmur, tibb müəssisələrinə müraciət edin”, - deyə M.Həşimov bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov da tibbi xidmət göstərən qurumlarla əlaqə saxlamağı məsləhət görüb.

Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası evsiz adamı regional xəstəxanaya yerləşdirməyi məsləhət görüb. Onlar bunu təcili yardım həkimlərinin yuxarıda adıçəkilən qurumlar üçün vətəndaşın sağlamlıq vəziyyəti ilə bağlı nəticə yaza bilməmələri ilə əsaslandırıblar.

Bu materialı yazmaq və bütün detalları öyrənmək üçün iki gün vaxt lazım oldu. Amma məsələ tam həll olunmadı - kişi küçədə yaşamağa davam edir...

Media.Az ümid edir ki, bu nəşrdən sonra müvafiq dövlət orqanları evsizə diqqət yetirəcək və ehtiyacı olan köməyi edəcək.

Leyla Eminova

Şəkil: Firudin Səlimov