Rusiya sülhməramlılarının bircə yolu var: O ermənini qulağından tutub gətirmək…

14:40 14-10-2021 450

Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumata görə, xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb.

Açıqlamada ən diqqət çəkən məqam isə “azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir” cümləsi olub.

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətindəki çatışmazlıqlar, qüsurlar və yarıtmazlıq barədə qısa zaman ərzində dəfələrlə informasiyalar ortaya çıxıb. Ancaq Azərbaycan MN-in açıqladığı bu faktı haqlı olaraq Rusiya sülhməramlılarının ən böyük “səhvi” adlandıra bilərik.

Üstəlik, bu vaxta qədər ermənilərin hərəkətlərinə göz yuman, öhdəsinə götürdüyü vəzifələrin icrasını lazımi səviyyədə təmin edə bilməyən sülhməramlıların başı bu dəfə ermənilərin əkin-biçin işlərinə, təsərrüfat fəaliyyətinə, kiminsə sağlığına badə qaldırmağa da qarışmayıb. Hadisə baş verən zaman Azərbaycanın avtomobil karvanı məhz Rusiya sülhməramlılarının müşayiətində olub, sülhməramlılar bu dəfə həqiqətən öz işləri ilə məşğul olublar.

Ancaq Rusiya sülhməramlılarının “lütf edərək” vaxtında öz təyinat yerində olması da onları bu vəziyyətdən xilas edə bilməyib. Görünür, bu vaxta qədər Qarabağda təyinatlarına uyğun olmayan şəkildə bir çox təlimlər də keçirən sülhməramlılar burada lazımi biliyə yiyələnə bilməyib. Çünki dəfələrə Rusiya MN-in məlumatında sülhməramlı kontingentin mümkün hücum ssenarilərinə qarşı hazırlıq xarakteri daşıyan təlimlərindən bəhs edilirdi. Yoxsa elə bizim avtomobil karvanımızı müşayiət edən sülhməramlılar bacarıqsız idi? Təxribatın qarşısı yerindəcə alınmırsa o təlimlər hansı məqsədi daşıyırdı? Yəni Rusiya sülhməramlıları bu qədərmi bacarıqsızdır?

Bu sualların cavabı bizdən daha çox Rusiya MN-i maraqlandırmalı, nəticə çıxarılmalıdır. Hər halda bütün dünyanın gözü qarşısında öhdənə götürdüyün vəzifəni tabeliyindəki kontingent icra edə bilmirsə bu heç də qürrələnəsi durum deyil.

Nəticə çıxarmaqdan danışmışkən, Rusiya MN-in sülhməramlıların fəaliyyəti ilə bağlı hər səhər saat 06:00-da verdiyi məlumatda ötən gün baş vermiş təxribatla bağlı bir cümlə belə işlədilməyib. Görünür, sülhməramlılar özləri də utanıb.

Ancaq Rusiya sülhməramlıları artıq bu gün yeni məşqlərə də başlayıblar. Bu vaxta qədər ortaya qoyduqları yüksək “peşəkarlığı” nəzərə alsaq, hazırda keçirilən məşqlərə də böyük ümidlər bağlamaq olmur.

Məsələnin ikinci tərəfi isə ermənilərin şüurunu itirmişcəsinə bu cür təxribat törətməsidir. Müharibə zamanı ordumuzun cəngavərlərinin qarşısında duruş gətirə bilməyən, hazırda isə əl-qolu bağlananaraq çarəsiz şəkildə sülməramlıların nəzarətindəki ərazidə sıxışıb qalan, psixoloji vəziyyətləri də hər ötən gün daha acınacaqlı xarakter alan bu aciz erməni silahlıları arabir peyda olmaqla öz acizliklərini unutmağa, rüsvayçı məğlubiyyətin acısını bir qədər azaltmağa cəhd göstərirlər.

Darmadağın edilmiş bir “orducuğ”un qalıqlarının bu cür cılız təşəbbüslərini “güc nümayişi” cəhdi və ya “qorxmazlıq” kimi qəbul etmək də sadəlövhlük olar. Çünki onlar müharibə zamanı qarşılarındakı ordunun qüdrətini görüb, sadəcə qaçmağa güc veriblər. Bundan sonra isə heç zaman Azərbaycan ordusunun qarşısına çıxmağa cəsarət edə bilməzlər. Hər zaman Rusiyanın ətəyindən yapışıb mədət uman ermənilərin Rusiya sülhməramlılarına “baş qaldırması” da mümkün deyil. Odur ki, məsələnin yenə də erməni silahlıları arasında tüğyan edən psixi sarsıntı və ya içki, narkotik aludəçiliyi ilə əlaqədar olduğunu düşünmək heç də əsassız deyil. Yoxsa bir erməninin gizləndiyi deşikdən çıxıb atəş açması üçün sadəcə cəsarəti çatmazdı.

Sərxoşluğun ermənilərə verdiyi “inamı” isə hər birimiz bilirik. Hələ işğal dövründə ermənilər sərxoş vəziyyətdə mövqelərimizə çox atəş açıb. Ancaq bu gün reallıq dəyişib. Ermənilər içki içib bəlkə də, yenə atəş aça bilərlər, ancaq bilirlər ki, bu halda içkinin təsirindən ayılacaq qədər yaşamaq şansları qalmaya da bilər.  

Qısası, baş verənlər sadəcə ermənilərin acizliyini və sülhməramlıların səriştəsizliyinin növbəti sübutudur. Bu məsələ sülhməramlıların imicinə də növbəti və ən ağır zərbədir. Əgər sülhməramlılar bu işi bacarmırsa bunu etiraf etməlidir, ya da geriyə bircə yol qalır: Atəş açanı tapıb, qulağından tutub gətirmək və cəzalandırmaq!

Orxan Tağıyev