KOB-ların elm və dəstək layihələrinin maliyyələşdirilməsinə dair vebinar keçirilib

16:40 12-11-2021 55

Noyabrın 12-də KOB subyektlərinin elm və dəstək sahələrində layihələrinin maliyyələşdirilməsinə dair elan edilmiş müsabiqə ilə bağlı vebinar keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirdə müsabiqə ilə bağlı sahibkarlıq subyektlərinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

100-dən çox KOB subyektinin iştirakı ilə təşkil olunmuş vebinarda KOBİA-nın əməkdaşları Natiq Heydərov və Elməddin Hacıyev müsabiqənin şərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimatlarla çıxış ediblər. Məlumat verilib ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə KOB-ların inkişafı ilə bağlı elm və dəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manatdır. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları, eləcə də digər məlumatları Agentliyin saytında bu məqsədlə yaradılmış xüsusi bölmədən əldə edə bilərlər (https://bit.ly/3C8XQEm).

Müsabiqəyə sənədlər birbaşa və ya elektron formada təqdim oluna bilər. Sənəd qəbulu 15 noyabrdan başlayaraq 14 dekabr saat 18:00-dək davam edəcəkdir. Müsabiqənin nəticələri barədə məlumat 10 fevral 2022-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək. 

Vebinar zamanı bildirilib ki, müsabiqəyə təqdim ediləcək sənədlərin hazırlanması prosesində dəstəyə ehtiyacı olan KOB subyektləri KOB inkişaf mərkəzlərinin (KOBİM) ödənişsiz informasiya, məsləhət və təlim xidmətlərindən də yararlana bilərlər.