Qurumlar kəskin hava şəraitinə hazır deyil? - FOTO

17:20 12-11-2021 45

Ötən gündən başlayan güclü külək Bakıda çox ciddi fəsadlar yaradıb. 

Belə ki, paytaxtın müxtəlif ərazilərində külək səbəbindən 70-ə yaxın ağac aşıb. Aşan ağaclar 10-a yaxın avtomobilə ciddi maddi ziyan vurub. Bakıda, Abşeron yarımadasında, Ramana qəsəbəsində, Nizami və Nərimanov rayonlarının bir hissəsində təbii qaz, eləcə də elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Bakı-Sumqayıt yolunun bir hissəsində yolun işıqlandırılmasında fasilələr yaranıb. Yol kənarında işıq dirəkləri, işıqforlar küləyin gücündən aşıb. Şəhərdə və ətraf qəsəbələrdə reklam lövhələrinin üzərindəki yazılar qopub.  

Eyni zamanda Abşeronda güclü külək evin dam örtüyünü qoparıb və nəticədə bir nəfər xəsarət alıb. Qeyd edək ki, bu cür güclü külək cari il mart ayının 7-də də müşahidə edilib. Təəssüf ki, 1987-ci il təvəllüdlü qadın Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsas korpusu tərəfdə hərəkətdə olarkən, universitetin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılan dəmir lövhələrdən biri güclü küləyin təsirindən uçaraq onun üzərinə düşüb və həmin qadın ölüb.

Mövcud hava şəraiti kiçik təbii fəlakət kimi qiymətləndirilsə də qurumların hazırlıqlı olması paytaxtın vəziyyətdən daha az fəsadla çıxmasına kömək edə bilər. Bəs görəsən qurumlar gözlənilməz hava şəraitinə hazırdılarmı? 

Məsələ ilə bağlı “Azəriqaz” İB-dən HerGun.Az-a verilən məlumata görə, Bakı Şəhəri və Abşeron rayonunun ərazisində 10-11 noyabr tarixlərində səhər saat 09:00-a qədər olan məlumata əsasən güclü küləklə əlaqədar qaz təsərrüfatında 38 qəza hadisəsi qeydə alınıb:
 
“Qəza hadisələri əsasən ağacların və fərdi evlərin hasarlarının və damların aşması nəticəsində baş verib. Bütün qəzalar üzrə ilkin tədbirlər görülüb və qazın verilməsi təmin edilib. İki böyük qəza halı qeydə alınıb. Xətai rayonu Cavanşir 29 ünvanında ağac aşaraq qaz xətlərini yararsız hala salıb, qeyd olunan qəza axşam saatlarında aradan qaldırılaraq, 22:30 radələrində 1000 abonentlik dayanma üzrə qaz təminatı bərpa edilib. 

Digər böyük hadisə isə Nəsimi rayonu, Moskva 90 ünvanında ağac aşması nəticəsində baş verib. Belə ki, hadisə nəticəsində “D 108” mm, “D 57” və “D 32” qaz xətlərinin bir hissəsi yararsız hala düşüb. 2000 abonentin qaz təchizatı dayandırılıb”. 

Əlavə olaraq, Binəqədi rayonunda 1, Sabunçu rayonunda 3, Xəzər rayonunda 8, Qaradağ 7, Nərimanov 3, Abşeron 2, Nəsimi rayonu üzrə 20 ünvanın qaz təchizatında dayanmalar qeydə alınıb. Hazırda bütün qəza hallarının bərpası üzrə işlər gedir. Qəzaların 40 faizi artıq aradan qaldırılıb”.

“Azərişıq” ASC-dən isə bildirilib ki, bəzi ərazilərdə güclü külək ağacları, dam örtüklərini və kənar əşyaları xətlərin üzərinə aşırıb və qəzalara səbəb olub:

“Nəticədə naqillər və dayaqlar yararsız hala düşüb. Dərhal əraziyə cəlb olunan Qəza xidmətinin əməkdaşları müəyyən vaxt çərçivəsində bərpa işləri həyata keçirib. Gecə boyu fasiləsiz iş rejimində çalışan qəza xidməti əksər qəza yerlərini qısa vaxtda elektrik enerjisi ilə təmin edib. Bakı şəhəri üzrə qəzalar aradan qaldırılmış, regionlarda bir neçə ünvanda qəzaların aradan qaldırılması işləri yekunlaşmaq üzrədir. Bakıda və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”. 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, paytaxtda 10-11 noyabr tarixlərində müşahidə edilən güclü külək 200-ə yaxın ağacın və iri kolun aşmasına səbəb olub:

“Bununla yanaşı güclü külək səbəbindən 10 ədəd avtomobilə müxtəlif dərəcəli maddi ziyan dəyib. Bununla bağlı birlik tərəfindən müvafiq işlər görülüb. Qırılan ağac və budaqların yollarda yaratdığı problemlərin aradan qaldırılması üçün əməkdaşlar tərəfindən təxirəsalınmaz tədbirlər görülüb”.

Könül Cəfərli