Türkiyə və Gürcüstan hərbçiləri birgə təlim keçiriblər

21:20 12-11-2021 347

Gürcüstanın Axaltsıx departamentinin (Samtsxe-Cavaxeti bölgəsi) “Vale” sərhəd sektoru ərazisində Gürcüstan və Türkiyə sərhəd bölmələrinin birgə təlimi keçirilib.

“Vala” gömrük-keçid məntəqəsi Gürcüstan və Türkiyə sərhədindəki keçid məntəqələrindən biridir.

Təlimdə Gürcüstan Sərhəd Polisinin Axaltsıx İdarəsinin taktiki qrupları və Türkiyə Silahlı Qüvvələrinin 25-ci briqadası iştirak edib.

Təlimin məqsədi iki ölkənin sərhəd bölmələri arasında quru sərhədlərinin mühafizəsi sahəsində təcrübə mübadiləsi və sərhəd təhlükəsizliyi məsələləri üzrə əlaqələndirilmiş fəaliyyətin təkmilləşdirilməsidir. Təlimlər çərçivəsində sərhədçilər sərhəddə baş verən insidentlərə reaksiya və qabaqlayıcı əməliyyatların aparılması üsullarını məşq ediblər.

Təlimin ssenarisi iki əsas hissədən ibarət olub: Qanunsuz miqrantların saxlanılması və dövlət sərhədindən iribuynuzlu heyvanların qanunsuz keçirilməsinin qarşısının alınması.

Məşqin sonunda iştirakçılara təşəkkür məktubları və simvolik hədiyyələr təqdim olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, birgə təlimlər Türkiyə və Gürcüstan arasında ikitərəfli əməkdaşlıq planı çərçivəsində həyata keçirilib. Oxşar təlimlər iki ildən bir ölkələr arasında mütəmadi olaraq keçirilir.

Mənbə: Sputnik Gürcüstan