Kişi və qadın şahmatçılarımız Avropa çempionatının liderləridir

11:00 13-11-2021 404

Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində keçirilən şahmat üzrə XXIII komandalararası Avropa çempionatına millilərimiz qələbələrlə başlayıb.

HerGun.Az-ın xəbərinə görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayevadan ibarət millilərimiz müvafiq olaraq İtaliyaya və Türkiyəyə 4:0 hesabı ilə qalib gəlib.

Hazırda kişi millimiz 2 xalla 39 komanda arasında birincidir. Qadın yığmamız isə 2 xalla 31 komanda arasında liderlərdəndir. Rusiya, İspaniya, Rumıniya və Niderland da eyni göstərici ilə qadın millimizlə turnir cədvəlinin birincisidir.

Bu gün II turda kişi millimiz Serbiya ilə, qadınlarımız isə İsveçlə qarşılaşacaq. Hər iki millimizin görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, kişi millimiz 2 717 reytinq xalı ilə yarışın ikinci güclü komandasıdır. Qadın millimiz isə bu baxımdan 2 383 xalla beşincidir. 

Səbuhi Musayev