Hərbi ekspert: “Zəfər Günündən sonra bizə qarşı təxribatların miqyası daha da genişlənib”

15:20 13-11-2021 390

“Azərbaycan ərazisində xidmət göstərən hərbçilərə qarşı qumbaranın atılması birmənalı olaraq işğalçı ölkənin terror təxribatıdır. Bunun başqa adı yoxdur”.

Bunu HerGun.Az-a hərbi ekspert Ədalət Verdiyev bildirib.

Bu gün Şuşa rayonunun Daşaltı kəndi yaxınlığındakı giriş-çıxış postunda erməni terrorçusu Norayr Mirzoyan adlı şəxsin “RQD-5” əl qumbarasını atması nəticəsində MAXE, çavuş Hafiz Nəsibov və digər iki hərbçi yaralanıb.

Ə.Verdiyev bildirib ki, tutulan terrorçunun Azərbaycan tərəfinə təhvil verilməsi üçün artıq ciddi cinayət tərkibi mövcuddur:

“İstənilən halda bu hadisə nəticəsində üç hərbçinin yaralanması özündə cinayət tərkibini ehtiva edir. Ona görə də həmin saxlanılan erməni Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinə təhvil verilməli, istintaq bizim hərbçilərin xidmət göstərdiyi tərəfdə aparılmalı, hadisənin təfərrüatları araşdırılmalıdır.

Zəfər Günündən sonra ermənilər tərəfindən bu kimi təxribatçı hadisələrin miqyası daha da genişlənib. Daha əvvəl Qaragöl ətrafında Azərbaycan-Ermənistan sərhədində təxribat törətdilər. Bu isə daha bir qanlı hadisədir. Üç nəfərin yaralanması sıradan bir məsələ deyil. Bu isə bizi onlara qarşı real tədbirlər görməyə təhrik edirlər.

O, əl qumbarasını atan şəxs mülki geyimdə olsa da, bir hərbçidir. Öz ərazilərimizdə müəyyən terror fəaliyyətində iştirak edib. Hesab edirəm ki, onun haqqında hüquq-mühafizə orqanlarımız araşdırma apararsa, daha ciddi faktlar əldə edə bilər”.

Ədalət Verdiyev onu da bildirib ki, bu məsələnin bu yerə gəlib çatmasında Rusiya sülhməramlılarının məsuliyyət payı az deyil:

“Bu hadisələrin baş verməsində məsuliyyət birbaşa Rusiya sülhməramlılarının üzərinə düşür. Çünki silahlı ermənilər və ya onlardakı silahlar bizə məxsus olan ərazilərdən hələ bir il əvvəl çıxarılmalı idi. Onların hələ də çıxarılmaması erməni tərəfini cəsarətləndirir və bu kimi terrorçu fəaliyyətlər göstərməyə sövq edir.

“WarGonzo” layihəsinin Əsgəran ərazisində peyda olaraq çəkiliş aparması, bizim qara siyahımızda olan şəxsin Qarabağa səfər etməsi də sülhməramlıların öz funksiyalarını tam həcmdə yerinə yetirməməsinin göstəricisidir. Yaxşı olardı ki, Xocalı hava limanındakı rus əsgərinin erməni qızını xilas etməsinə dair qoyduqları abidəni erməni terrorçusunu xilas etməsinə dair abidə ilə əvəz etsinlər”.

Səbuhi Musayev