Baydenin “demokratiyası”: “Görüntü xarakteri daşıyır” – RƏY

15:40 13-11-2021 437

ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da onlayn formatda “Demokratiya zirvəsi” adlı sammit keçiriləcək.

Sammitə Ermənistan, İraq kimi ölkələr dəvət edilsə də, Azərbaycan və Türkiyəyə dəvət göndərilməyib.

Milli Məclisin deputatı Sahib Alıyev HerGun.Az-a açıqlamasında deyib ki, Baydenin təşkil etdiyi sammit görüntü xarakteri daşıyır.

Millət vəkili hesab edir ki, bu sammitə çağırılmaqla-çağırılmamağın effekti eynidir.

“Yəni bu sammit ABŞ-la hər hansı ölkə arasında əlaqələrin perspektivini müəyyənləşdirmir və müəyyənləşdirə də bilməz. Bu sammit başda Bayden olmaqla demokratların nümayişidir ki, Donald Trampdan guya fərqli siyasət yürüdəcəklər. Ancaq bu fərqliliyi ABŞ-ın Əfqanıstandan biabırcasına çıxmasından başqa digər məsələlərdə görməmişik”, - deyə S.Alıyev söyləyib.

Deputatın sözlərinə görə, sammitə dəvət olunan bəzi qeyri-demokratik ölkələr sevinirlər ki, ABŞ onları demokratik ölkə kimi tanıyır:

“Bu, qətiyyən belə deyil. Sammitlə bağlı ideya ortaya atılanda və ondan sonra Ağ Ev administrasiyası bildirdi ki, bununla kiməsə hansı dövlətin demokratik olub-olmaması göstərilmir”.

Parlamentarinin fikrincə, dəvət olunan ölkələrin siyahısına baxdıqda hər şey gün kimi aydın olur:

“Ermənistanı onsuz da bir kənara qoyuram, bu ölkədə demokratiyadan əsər-əlamət yoxdur. İraq isə heç zaman Türkiyədən demokratik ola bilməz. Avropa Birliyinə, NATO-ya üzv olan Macarıstanı sammitə dəvət etməyib, demokratik dəyərlər baxımından ondan geri qalan Polşanı dəvət etmək başqa reallıqdan xəbər verir. Yəni sammitə o ölkələr dəvət olunub ki, ABŞ-da həmin dövlətlərin Vaşinqtonun təsiri altında olduğunu düşünürlər”.

S.Alıyev qeyd edib ki, Azərbyacan və Türkiyə müstəqil siyasət yeridir və milli maraqları əsas tutur.

“Bakı və Ankaranın qlobal təhdidləri uğurla dəf etdiyi heç kimı sirr deyil”, - deyə S.Alıyev fikrini yekunlaşdırıb.