Həndboldan uzaqlaşdırılan qapıçı: “Federasiya işçiləri bizimlə xaricə turist kimi gedirlər” - MÜSAHİBƏ

15:00 16-11-2021 391

Azərbaycan Həndbol Federasiyası noyabrın 13-də verdiyi qərarla həndbol millimizin 14 üzvünü sosial şəbəkələrdə və mətbuatda qurum əleyhinə danışdıqları üçün kənarlaşdırıb. Onlardan biri də əvvəllər “Məhsul” klubunda çıxış etmiş, bu ildən “Bakı” klubuna keçmiş qapıçı Kamil Məmmədzadədir.

HerGun.Az 23 yaşlı idmançıdan müsahibə götürüb.

– Millidən uzaqlaşdırıldınız. Bəs yığma komandada kim oynayacaq?

– 14-15 yaşlı uşaqlar. Hansılar ki, onların arasında həndbola yeni gələnlər var. Onların vaxtında da 2 ildir ki, pandemiyaya görə çempionat keçirilməyib. O uşaqlar bu müddətdə nə öyrənə bilər ki?

Bir də ki bizim kənarlaşdırılmağımıza dair keçirilən iclasda yazılıb ki, yekdilliklə səs verilib. Ancaq məşqçilərin səsvermə hüququ olmayıb. Onlar sadəcə çıxış ediblər, ancaq bizim çıxarılmağımızın əleyhinə olublar.

– Klubda nə qədər maaş alırdınız?

– 3 il çıxış etdiyim “Məhsul”da 500 manat maaş alırdım. “Bakı”ya keçəndə 450 manata danışmışdıq, amma dedilər ki, 400 manat verə bilərik. O biri uşaqların maaşlarında da azalma var.

– Harada məşq edirdiniz?

– Gənclər və İdman Nazirliyinin qarşısındakı qapalı manejdə...

– Orada həndbol üçün şərait yoxdur axı. Bildiyimə görə, ora əsasən atletika idman növləri üçün nəzərdə tutulub...

– Bəli, tamamilə düzdür. Ora qaçış, uzunluğa tullanma üçün yaxşı yerdir. Orada da topla məşq etmirdik. Fiziki məşq edirdik. Üstəlik, həmin manejdə istidə kondisioner işləmir, istidən adam bir təhər olur. 3 ay orada məşq etmişik. Oktyabrın əvvəlindən “Dinamo” İdman Cəmiyyətində məşq etməyə başladıq. Bizə verilən toplar köhnədir, çürük-çürükdür. Sonuncu dəfə təzə top 2019-cu ildə alınıb. Onların da hamısının üstünün rəngi gedib.

Federasiyanın baş katibi Yusif Atakişiyevin özü deyib ki, idmançılar iki yerdə işləyir. Özü həm federasiyada, həm də Avtomobil Yolları Agentliyində çalışır. Bizə normal maaş verilsə, ancaq həndbolda qalarıq.

– Özünüz harada işləyirsiniz?

– Bu ildən Dövlət Turizm Agentliyində proqramçı işləyirəm.

– Bu il qadınlardan ibarət “Azəryol” komandasının Yunanıstana səfəri zamanı saxtakarlıq olub. Komanda səfərə həndbolçu kimi federasiya işçisini qeydiyyata saldıraraq yarışa aparıb. İlk dəfə siz “Facebook”da bu barədə yazmısınız. Bu hadisə necə baş verib?

– İdmançı kimi aparılan Fəridə Əliyeva əvvəllər Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı atletikadan hakim olub. Necə olubsa, gəlib həndbola düşüb. Burada da sənəd işləri ilə məşğul idi. Onun aparılması ilə bir oyunçunun haqqı yeyilib. Guya aparılmağa oyunçu yox idi? Lap olmasın, yeniyetmə idmançılardan birini aparıb, 5 dəqiqə oynayıb təcrübə toplamasına kömək edə bilərdilər. Onsuz da gedib mərhələ keçə bilmədilər. Amma sən federasiya işçisinin adını qeydiyyata saldırıb, gəzməyə aparırsan. O heç ehtiyat oyunçular skamyasında da oturmayıb.

Ümumiyyətlə, o nə vaxt Əməkdar məşqçi olub, bizim xəbərimiz olmayıb. Tələbəsi olubsa, çıxsın ortaya. Əsl məşqçi olan, millinin 2019-cu ildə rəhmətə getmiş baş məşqçisi Hikmət Abdullayevin vaxtında köməkçisi olmuş, U-24 yığmasını çalışdırmış Rəşad Hüseynov indi küsdürülərək uşaq məktəbinə göndərilib.

2019-cu ildə biz “Məhsul” komandası ilə “Challenge Cup” turniri üçün Norveçin Drammen şəhərinə gedəndə həkimsiz getmişdik. Hansı yarışa həkimsiz getmək olar? Ayağım burxulmuşdu, hoteldə “reception”dan dərman, buz istəyirdim.

İndiki rəhbərlik federasiyaya gələndə ilk ildə hər şey əla idi. Oyunlara ambulans, həkim gəlirdi. İldən-ilə bunları ixtisara saldılar. 2018-ci ildə bir oyunçunun əli sınmışdı, onu baş məşqçi öz maşını ilə xəstəxanaya apardı.

2007-ci ildən həndboldayam. Həmişə “ABU Arena”da oynamışıq. İndi niyə orada məşq keçə bilmirik, niyə bizim əlimizdən alınıb? Federasiya və ya klublar heç bir oyunçu ilə müqavilə bağlamır. Ona görə də vergi ödəmirik. Müqavilə olmadan oynayırıq. Yalnız maaş alanda gəlib hansısa kağıza qol çəkirik. Ona görə də istədikləri vaxt istədikləri pulu verirlər. Belə peşəkarlıq olur?! Federasiya üzvləri bizimlə xaricə yarışlara gedirdilər. Amma heç biri gəlib oyunumuza baxıb, bizə dəstək olmurdu. Gedib turist kimi xarici gəzib, qayıdırdılar.

Səbuhi Musayev