Bakı polisindən genişmiqyaslı əməliyyat: 27 nəfər SAXLANILDI - FOTO/VİDEO

16:00 19-11-2021 40

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 1-dən bu günə kimi Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan həmin şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Həmin şəxslərdən 22-si barəsində məhkəmə orqanları tərəfindən həbs və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan beş nəfəri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin daxil olmuş məlumat əsasında həyata keçirdiyi növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Ramana qəsəbə sakini Əfqan Həbibov yaşadığı evdə qanunsuz olaraq odlu silah gizlətməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Onun mənzilinə baxış zamanı müvafiq sənədləri olmayan yivli “TOZ-8” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb. Əfqan Həbibov silahı bir müddət əvvəl tapdığını, lakin polis əməkdaşlarına təhvil verməyərək özündə saxladığını bildirib.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.