Ali məktəblərə qəbulda yeni qaydalar – ARAŞDIRMA

01:00 22-11-2021 29

Ekspertlərin Dövlət İmtahan Mərkəzinin ixtisas qruplarına təklif etdiyi növbəti dəyişikliklərlə bağlı fikirləri haçalanır. Təklif müəllifləri narahatlığa əsas görmür, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini isə narahatdır.
 
Növbəti qəbul imtahanlarında III ixtisas qrupu üzrə imtahan verəcək şəxsləri yenilik gözləyir. “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Qərarla III qrupda dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupu yaradılıb. Baş verən dəyişiklik ixtisas qrupları üzrə altqrupların bərpasını gündəmə gətirib. Bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hazırlanmış, Nazirlər Kabinetinin qərar layihəsinə əsasən, 2022-ci ildən etibarən III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünməsi nəzərdə tutulur.

“Kaspi” qəzetinin əməkdaşları mövzu ilə bağlı araşdırma aparıblar.

İki fərqli qrup
 
İxtisaslar üzrə altqruplar nə deməkdir? İxtisas qrupları üzrə altqrupların yaranması qəbul imtahanlarına hansı yeniliyi gətirəcək? Ən əsası, qərar tələbə adını qazanmaq istəyən 3-cü qrup ixtisası üzrə abituriyentlərə hər hansı çətinlik yaratmayacaqmı?

Təhsil eksperti Qoşqar Məhərrəmov belə izah edir: “Altqrup - qrupun altında iki fərqli qrup anlamına gəlir. Bu, daha detallı təsnifatdır. Belə ki, ixtisas qruplarının (I, II, III, IV, V) - hər birinin altında alt qruplar meydana gətirilir. Yəni bu alt qruplarda fənlərdən tarix, coğrafiya seçənlər - altqrupa daxil olan başqa fənlərdən, dil, tarix seçənlər ayrı fənlərdən imtahana gedəcək. Bununla da məsələni daha da spesifikləşdirməyə, qollandırmağa çalışırlar”. Ekspertin sözlərinə görə, əgər şagird İT mühəndisliyi sahəsinə getmək istəyirsə, “İnformatika” imtahanına gedəcək və bu imtahanın balları qəbul zamanı ona müsbət mənada dəstək olacaq. Və yaxud “Regionşünaslıq” və ya hüquqşünas ixtisasına gedəcəksə, əlavə coğrafiya imtahanı verəcək və bu onun qəbul şansını daha da artıracaq.

İxtisasa uyğun olaraq

Qeyd edək ki, qəbul imtahanlarında baş verəcək dəyişiklik birmənalı qarşılanmır.

Dövlət İmtahan Mərkəzindən mövzu ilə bağlı “Kaspi”nin sualını cavablandıraraq qeyd edirlər ki, mətbuatda yer alan “ixtisas qrupları üzrə əvvəlki illərdə ləğv edilmiş altqruplar bərpa olunur” fikri yanlışdır. Yəni bu əvvəlki illərdə ləğv edilən altqrupların bərpası demək deyil. “TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən imtahan vermələri nəzərdə tutulur. DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcəklər. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər”. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar”. Bundan başqa, birinci qrup üzrə imtahan verən və informatika ixtisasını seçmək istəyən abituriyentlər üçün kimya fənnindən deyil, informatikadan imtahan vermək şansı yaradılacaq.
 
Ajiotaja ehtiyac yoxdur
 
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, qərar ətrafında ajiotaja ehtiyac yoxdur: “Dil və tarix olan altqrupunda ədəbiyyatdan imtahan verilməsi, tarix və coğrafiya (TC) altqrupunda isə Azərbaycan dili və tarixdən əlavə, coğrafiyadan da imtahanın verilməsi nəzərdə tutulur. Bu, Dövlət İmtahan Mərkəzinin yanaşmasıdır”. Millət vəkili hesab edir ki, böyük ehtimalla bu məsələdə ixtisaslar nəzərə alınıb: “Gələcəkdə Regionşünaslığı öyrənənlərin coğrafiyanı, digərlərinin müəyyən mənada ədəbiyyatı bilmələrinə ehtiyac var. Bu, heç bir problem yaratmayacaq. Tələbələrimiz onsuz da bu dərsləri keçirlər. Burda hər hansı ciddi problem gözlənilmir”.
 
Yerli-yersiz dəyişikliklər

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov isə qəbul imtahanları ilə bağlı qaydalarda tez-tez dəyişikliklərin tərəfdarı deyil: “Təhsili eksperiment meydanına çevirmək olmaz. Bu dəyişikliklər cəmiyyətdə narahatlıq yaradır, təhsil sisteminin oturuşmasına mane olur”. Ekspert hesab edir ki, bu cür vacib qərarlarla bağlı ümumi müzakirə keçirilməli, ictimai rəy öyrənilməlidir: “2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanuna o vaxtdan bəri nə qədər dəyişikliklər edilib. Dəfələrlə deyilib ki, ali məktəblərə qəbul sadələşdirilməlidir. Təkpilləli vahid imtahan modelinə keçməliyik. Amma biz hər il imtahan sistemini mürəkkəbləşdiririk. Bu, imtahan oyunundan başqa bir şey deyil”. N.İsrafilov qeyd edir ki, TN yanında İctimai Şurada da təhsildə baş verən dəyişikliklər müzakirə olunmalıdır: “Milli Məclis “İctimai iştirakçılıq haqqında” qanun qəbul edib. Amma biz dəyişiklikləri mətbuatdan oxuyuruq. Bu məsələdə vətəndaşların da fikirləri dinlənilməlidir”. Ekspertin fikrincə, bu cür dəyişikliklər öz mənfi təsirini göstərəcək: “Nə qədər ki qaydalarda yerli-yersiz dəyişikliklər olacaq, bunlar təhsilin keyfiyyətinə təsirsiz ötüşməyəcək. Coğrafiyanın əlavə olunması və ya qəbul imtahanındakı fənlərin sayının 6-ya çatdırılması imtahan verənlərdə də, onların valideynlərində də psixoloji gərginliyə səbəb olur. Bu, məktəblərin nüfuzunu aşağı salır və repetitor institutunun inkişafına yol açır”.

Gələcəkdə altqrupların digər ixtisas qruplarına da tətbiqi baş verərsə - bu, artıq daha ciddi dəyişikliyə yol açacaq. Nəticə və effekti isə yalnız növbəti qəbul imtahanlarından sonra söyləmək olacaq…