Naxçıvandan Məşhədə dəmiryol reysi bərpa olunacaq? - VİDEO

18:00 22-11-2021 27

“Azərbaycanın nümayəndə heyətinin İrana səfəri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcək”.

“Report” İran mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilmiş iclasında deyib.

Onun sözlərinə görə, İran-Azərbaycan sərhədində 100 metrlik körpünün tikintisi və Rəşt-Astara dəmiryolu dəhlizinin tamamlanması nümayəndə heyətinin səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdəndir:

“Bizim azərbaycanlı dostlarımız İranın Astara şəhərində terminalın tikintisinə sərmayə qoyublar, onun bir hissəsi tamamlanıb. Biz Azərbaycanın Astara şəhərində də görüş keçirəcəyik, Naxçıvan-Məşhəd dəmir yolu layihəsini yenidən aktivləşdirəcəyik. Avtomobil nəqliyyatı və avtomobil tranziti sahəsində əməkdaşlıq bu komissiyanın ən mühüm danışıqlar mövzularından biridir”.

Xatırladaq ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı ilin dekabrın 29-da hərəkətə başlayıb və təxminən 1 il sonra müəyyən texniki səbəblərdən fəaliyyəti müvəqqəti dayandırılıb.