İngiltərədə maskalı gənc Kraliça Elizabeti öldürməklə hədələdi - FOTO/VİDEO

04:00 28-12-2021 463

Vindzor qəsri ərazisinə girdiyi üçün saxlanılan şəxs bir müddət əvvəl əlində arbaletlə çəkilmiş videosunu dostlarına göndərib. Kadrlarda o, 1919-cu ildə Hindistanda Britaniya müstəmləkə qoşunları tərəfindən Amritsarda törədilən qətliamın qisasını almaq üçün Kraliça II Elizabeti  öldürmək niyyətini bildirib.

19 yaşlı silahlı şəxsi dekabrın 26-da kraliça II Elizabet və ailəsinin Milad bayramını qeyd etdiyi Vindzor ərazisində saxlanılıb. Bildirilib ki, həmin şəxs əraziyə girsə də, heç bir binaya daxil olmayıb. Axtarış zamanı onun üzərindən arbalet tapılıb.

Qeyd edilir ki, polis şübhəli şəxsi saxlamazdan 24 dəqiqə əvvəl o, “Snapchat” hesabından dostlarına qara kapüşonlu və maskalı halda, həmçinin əlində arbaletlə kameranı nişan aldığı vəziyyətdə əks olunduğu videonu göndərib.

“Təəssüf edirəm. Etdiklərimə və edəcəyim işlərə görə üzr istəyirəm. Mən kraliça Elizabeti öldürməyə çalışacağam”, - deyə o, səsi dəyişmiş şəkildə deyib.

Videoda o, həmçinin bildirir ki, onun hərəkəti 1919-cu ildə Amritsar qırğını zamanı həlak olanların qisasıdır (1919-cu il aprelin 13-də Britaniya İmperiyasının müstəmləkə qoşunları tərəfindən Şimali Hindistanın Pəncab əyalətinin Amritsar şəhərində mülki əhali gülləbaran edilmişdi).

“Bu, həm də irqinə görə öldürülən, alçaldılan və məzlum olanların qisasıdır. Mən hind siqhiyəm. Mənim adım Casvant Sinq Çali idi, adım Dart Consdur”, - deyə videoda deyilir.

Saxlanılan şəxs psixi sağlamlıq müayinəsindən sonra tibb işçilərinin nəzarətinə verilib.

Mənbə: The Sun