Gürcüstanda əcnəbilərin olduğu mikroavtobus dərəyə aşıb: Ölənlər var

02:00 30-12-2021 94

Gürcüstanda Jinvali su anbarı yaxınlığında turistləri daşıyan mikroavtobusun qayadan aşması nəticəsində azı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı məlumat yayıb.

Məlumata görə, mikroavtobusda 8 nəfər olub. İki nəfər yerindəcə keçinib, digər yaralılar isə dərhal yerli xəstəxanaya aparılıb. Sərnişinlərin hamısı turist olub. Onlar Qudauri dağ-xizək kurortuna istirahətə gediblər.

“Rustavi-2” zərərçəkənlərin aparıldığı xəstəxananın həkiminə istinadən iddia edir ki, turistlər Moldova vətəndaşlarıdır: “Bizə 6 nəfər gətirilib. Onlar əcnəbilər - Moldova vətəndaşlarıdır. Onlardan üçü azyaşlıdır. Bir nəfər qəbuldan dərhal sonra dünyasını dəyişib”, - deyə Duşeti şəhərindəki “Geo” Tibb Mərkəzinin direktoru Keti Qventsadze “Rustavi-2” ilə söhbətində bildirib.

Hadisəni Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib. İnsidentlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin “İki və ya daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozma” maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: TASS

Xəbər lenti