Mərkəzi Bankdan 2022-ci illə bağlı proqnoz: Pul siyasətində daha sərt rejimə keçilə bilər

10:00 30-12-2021 420

2022-ci ildə də pul siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2 faiz) doğru dinamikasının təmin edilməsi olacaq.

HerGun.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın bəyanatında məlumat verilib. 

Bildirilib ki, bu məqsədə nail olmaq başlıca olaraq qeyri-monetar amillərdən - dünya ərzaq və enerji daşıyıcıları qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, növbəti ilə dövlət tarif siyasətindən və makroiqtisadi siyasət çərçivəsindən asılı olacaq.

Pul siyasətinin son hədəfi inflyasiyanın 4±2 faiz dəhlizində idarə olunması dəyişməz qalır. Yenilənmiş son inflyasiya proqnozlarına görə baza proqnozunda qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək.

Mövcud yüksək inflyasiya səviyyəsinə xarici amillərin təsirinin keçici xarakterini nəzərə alaraq monetar siyasət qiymətlər sabitliyi ilə iqtisadi artım və məşğulluq məqsədləri arasında çevikliyi saxlayacaq. Lakin situasiya qeyd olunan baza ssenaridən kənarlaşdığı təqdirdə pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurəti yarana bilər. İnflyasiya gözləntilərinin effektli idarə olunması həyata keçirilən siyasətə ictimai etibarın yüksəldilməsinə yönələcək. Siyasət reaksiyası yarana biləcək qeyri-müəyyənlikləri və siyasətə inamsızlığı aradan qaldırmaqla investisiya-biznes fəallaşmasına yol açacaq, iqtisadi artımı və məşğulluğu dəstəkləyəcək.

Xəbər lenti