Şəhid qardaşı: “Onlar xalqımız bayramlarını rahat keçirsin deyə, şəhid olublar” - FOTO

23:00 31-12-2021 454

Düşmən minasının partlaması nəticəsində şəhid olmuş televiziya operatoru Sirac Abışovun qardaşı Şirzad Səmədov sosial şəbəkədə Yeni il bayramı keçirmək ətrafında gedən müzakirələrə münasibət bildirib. O özünün nikbin ruhlu yanaşması ilə örnək olmağa çalışıb. 

Ş.Səmədov statusunda bildirib:

"Yolkanızı da qurun, bayramınızı da keçirin. Allah ilimizi xeyirli gətirsin. Təki, pis günlər olmasın. 

Bizim evdə təbii olaraq bayram əhval-ruhiyyəsi yoxdur. Ancaq buna görə durub qonşumu qınaya da bilmərəm axı. 

Bu düşüncə haradan, necə əmələ gəlib, anlamıram. Ən azından bu bayrama uşaqların bayramı kimi baxın. Axı onlar körpədir. Onlar üçün  sevinməyə, gülməyə dəyər. 

Axı şəhidlər xalqımız bayramlarını rahat keçirsin deyə şəhid olublar. Bayramınız mübarək!"

Xatırladaq ki, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olublar.