Bakıda evdən 280 min manatlıq oğurluq edən dəstə ələ keçdi - FOTO/VİDEO

18:00 06-01-2022 67

Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Zərərçəkən ev sahibi polisə müraciət edərək 31 dekabr - 2 yanvar tarixləri arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov saxlanılıb. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. 

Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.