“Peşəkarlığın rəsmi” təqdim olunub - FOTO

13:00 13-01-2022 479

Tanınmış jurnalist Səmayə Məmmədovanın “Peşəkarlığın rəsmi” kitabının təqdimatı keçirilib.

HerGun.Az-ın məlumatına görə, kitabın təqdimat mərasimində ictimaiyyət nümayəndələri, mədəniyyət və KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən ssenarist, publisist Nadir Bədəlov kitab haqqında təəssüratlarını bölüşüb:

“Peşəkarlıq haqqında çox yazılır. Mən inanıram ki, bu kitab vasitəsilə yeni bir Səmayə kəşf edəcəyəm”.

Əməkdar jurnalist Şəlalə Həsənova deyib ki, kitabda PR sahəsində çalışanlar üçün olduqca maraqlı məqamlar var: 

“Kitab o zaman maraqlıdır ki, onun arxasında zəka dayanır. Kitab o zaman heyranedicidir ki, içində ürək çırpıntısı hiss olunur. Kitabda olan PR haqqında maraqlı düşüncələr, dərin, mükəmməl mülahizələr bizim də bilgilərimizi dərinləşdirir. PR özü bölünməz bir prosesdir. Kitabın yaxşı cəhətlərindən biri odur ki, burada reallığı əks etdirən çox maraqlı tezislər, lövhələr var”.

Əsərin müəllifi Səmayə Məmmədova çıxışında kitabın yazılma prosesi haqqında danışıb:

“Mənim kitabım fasilələrlə yeddi ilə yazılıb. İngiltərədən qayıtdıqdan sonra kiçik məqalələr yazırdım. Sonradan düşündüm ki, niyə də kitab yazmayım? Kitabda nəzəriyyə ilə yanaşı təcrübə var”.

O qeyd edib ki, kitabı oxuyan şəxs həm S.Məmmədovanı tanıya bilər, həm də mediaya yeni gələnlər bu kitabdan yararlana bilərlər:

“Kitabın təqdimat prosesində yardımçı olan insanlara təşəkkür edirəm. Bu gün mənim üçün olduqca önəmlidir. Mən çox xoşbəxtəm ki, tanrı mənim qarşıma gözəl insanlar çıxarıb”.

Qeyd edək ki, kitabda jurnalist Səmayə Məmmədova 22 illik media təcrübəsini bölüşür. Kitab media və PR sahəsində çalışmaq istəyənlər üçün nəzərdə tutulub.

İlhamə Əbülfət