Rusiya XİN Türkiyə - Ermənistan danışıqlarını şərh edib

21:00 14-01-2022 391

Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan və onun türkiyəli həmkarı Serdar Kılıç Moskvada cümə günü apardıqları danışıqlardan sonra ortaq nöqtələri müəyyən etmək üçün konstruktiv və siyasiləşdirilməmiş dialoq aparmağa razılaşıblar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Tərəflər dialoqu konstruktiv, siyasiləşdirilməmiş şəkildə, şəffaf və praktiki nəticələrə diqqət yetirməklə, sadədən mürəkkəbə doğru “kiçik addımlarla” aparmağa hazır olduqlarını nümayiş etdirdilər. Ümumilikdə, iki ölkə xalqlarının rifahı, regionun sabitliyi və iqtisadi rifahı naminə işləyəcək ortaq nöqtələr axtarışlarının davam etdirilməsi razılaşdırılıb”, - deyə nazirlik bildirib.

Qeyd edək ki, görüş Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun vasitəçiliyi ilə baş tutub.

Mənbə: TASS