Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra ötən bir il ərzində görülmüş işlər haqqında

20:29 05-03-2022 118

Bildiyimiz kimi, dünya şöhrətli siyasətçi, fenomen şəxsiyyət, Ulu Öndər, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmışdır. Həmçinin, Ulu Öndərin banisi olduğu Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkəmizdə siyasi sabitliyin təmin olunmasına və vətəndaş cəmiyyətinin təşəkkül tapmasına xidmət etmişdir. Məhz, Ulu Öndərin siyasi iradəsi, əzmkarlığı və peşəkarlığı dövlət müstəqilliyimizin qorunması və dönməzliyini təmin etmişdir. Ölkəmizdə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında iqtidar partiyasının aparıcı rolu çox böyükdür. Təbii ki, bu ənənə bu gün də davam etməkdədir.

Ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının  5 mart 2021-ci il tarixdə keçirilən tarixi VII Qurultayı bir sıra zəruri amillərlə əlaqədardır.  Bu Qurultay istər Partiyanın, istərsə də, respublikamızın ictimai-siyasi münasibətlər sistemi tarixində mühüm bir hadisə kimi yaddaşlara həkk olmaqla bərabər, burada qəbul olunmuş qərarlar Partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə ciddi dəyişikliklərə səbəb oldu. Artıq, hakim Partiyanın daha təkmil idarəetmə forması müəyyən edilmişdir. Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində Yeni Azərbaycan Partiyasının hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyəm ki,  Yeni Azərbaycan Partiyası, həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını, onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları, reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.

VII Qurultayın reallaşması, şübhəsiz ki, Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı kimi qiymətləndirilməlidir. Bu gün Yeni Azərbaycan Partiyası sistemli şəkildə yeni idarəetmə modelini özündə ehtiva edən bir çox mühüm addımlar atmışdır. Heç kimə sirr deyil ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ən böyük, demokratik siyasi Partiyasıdır.

Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilən bir sıra qərarlar Partiyamızın siyasi varislik prinsipinə sadiq olduğunu bir daha sübut etdi. Bu isə öz növbəsində tarixi varislik prinsipinin qorunması ilə yanaşı, Partiyamızın məqsədyönlü fəaliyyətinin səmərəliliyini daha da artıran mühüm faktorlardan, prioritet istiqamətlərdən biridir.

Milli maraqların, dövlətçilik prinsiplərinin qorunması Yeni Azərbaycan Partiyasının fəaliyyət strategiyasının mütləq məqsədidir. Heydər Əliyev irsi Azərbaycanın bu günü və gələcəyi üçün həyati əhəmiyyət kəsb edən siyasi məktəb kimi özünü təsdiq etmişdir. Ulu Öndərin siyasi kursunu Prezident İlham Əliyevin yaradıcı şəkildə, uğurla davam etdirməsi, onu yeniliklərlə zənginləşdirməsi ölkəmizin tərəqqisini və yüksək sosial rifah şəraitində yaşamasını təmin edir. Bütün bunların nəticəsində Azərbaycan dünyada davamlı inkişaf edən, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verən dövlət kimi tanınır.

Partiyanın proqramında müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplər müəyyən edildi. Proqramda hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına dair məqsədlər öz əksini tapdı. Yeni Azərbaycan Partiyası daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, Partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu.

Əminliklə söyləmək olar ki, ümumxalq Partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfələr verəcəkdir.

 

Müşfiq Səfərov

 Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.        

Xəbər lenti