NOVRUZ BAYRAMI TƏKCƏ ONU KEÇİRƏN TÜRK XALQLARININ DEYİL,

ÜMUMİLİKDƏ BƏŞƏRİYYƏTİN MƏNƏVİ DƏYƏRİ HESAB EDİLİR

16:41 15-03-2022 496

   Novruz 1991-ci ildə müstəqillik əldə edən Azərbaycanda rəsmi bayram elan edilib. Bayram günləri qeyri-iş günləri sayılır. Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə, xüsusilə də Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu qərar Novruza təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri kimi verilən qiymət hesab edilə bilər. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da bu nominasiyaya qoşulub.

  Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir. Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır. Novruz əsrlərdir ki, milli, dini adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümumxalq bayramımızdır. Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır və həmrəyliyə xidmət edir.

   Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. İnkarolunmaz faktdır ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə də başlamışdır. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarılmışdır. Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı. Təbiət bayramı–Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzun dövlət səviyyəsində bayram edilməsi isə onun əhəmiyyətini daha da artırır. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

   Hər il Ulu Öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ümummilli Liderin bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu.

   Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.

   Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz, xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri