Əkbər Milli

Şeirlər

23:03 03-04-2022 1493

QALASIYAM

Bu torpaqda doğulmuşam,

Bu ellərdə qalasıyam.

Öz yurdumu-yuvamı,

Mən burada salasıyam.

 

Uca dağlar dayağımdır,

Qəhrəmanlar mayağımdır.

Zəhmət qızıl bayrağımdır,

Ondan ilham alasıyam.

 

Xoşbəxt ömrüm hələ yazdır,

Təkcə dərdim Xan Arazdır.

Mənim könlüm telli sazdır,

Hər havanı çalasıyam.

 

Qızıl ulduz-ana torpaq,

Əkbər Milli köksünə sığ.

Bu dünyanın yaşıl yarpaq,

Budağında qalasıyam.

 

 

ETİRAF

Demirəm şairəm, adım-sanım var,

Dünyaya yayılan şöhrət-şanım var.

Qəm yemə, ey könül ellər içində,

Mənim də tanınan öz ünvanım var.

 

İlk hünər başlanar kiçik adımla,

Sonradan bərkiyib elə bağlanar.

Deyirəm susmayan bu kiçik damla,

Ümman olub dəniz kimi çalxanar.

 

Nə gözəl demişdir  aqil babalar,-

“Hər damla güvənər bir daşqın selə.”

Məni də tanıyar ellər-obalar,

Güdəmməz ömrümüz heç zaman belə.

 

Özümdən közərən odlu tonqalam,

Könüllər sazının oynaq simiyəm.

Mən nəhəng deyiləm bala qartalam,

Ümmanlar içində damla kimiyəm.

 

Təzəcə gəlmişəm hələ həyata,

Ürəyimdə neçə arzu-kamım var.

Alqış bu insana, belə həyata,

Yoluma  nur saçan öz ilhamım var.

 

ANA VƏTƏN KEŞİYİNDƏ

Mərd oğullar, sayıq olun,

Ana vətən keşiyində.

Gecə ikən  ayıq olun,

Ana vətən keşiyində.

 

Silahları ələ alın,

Düşmənləri pərən salın.

Gələcəyə zəfər çalın,

Ana vətən keşiyində.

 

Əkbər desin şən dastanı,

Olun Vətən qəhrəmanı.

Uca tutun bu ünvanı,

Ana vətən keşiyində.

 

HƏSRƏT

Kövrəlmisən deyəsən,

Gözlərində yaşa bax.

Sən ki, artıq Dayəsən,

Boy-buxuna yaşa bax.

 

Üzün-gözün nəmlidir,

Baxışın buz baxışdır.

Qəlbin nahaq qəmlidir,

Həsrət dəbir naxışdır.

 

Hər gecənin gündüzü,

Qaranlığın danı var.

Həsrətin də vüsalla,

Qovuşan bir anı var.

 

Çəkmə belə həsrəti,

Gələcəyəm, mən, gülüm.

Mən ki, sənə bir ömür,

Gələcəyəm həm, gülüm.

 

 

XƏYALLAR

Xəyallar yapışıb şair qəlbimdən,

Aparır göylərə həmdəmim olur.

Xəyallar içində yaşayıram mən,

Xəyallar sevincim həm qəmim olur.

 

Minib xəyal adlı hünər atımı,

Düzlərdən keçirəm, dağlar aşıram.

Gələn kölgədirmi, ya qaraltımı?

Xəyallar içində mən dolaşıram.

 

Bir azca oturub düşünən zaman,

Görürəm xəyala çoxdan dalmışam.

Görəsən xəyalsız yaşarmı insan?

Sualın  yolunda mətəl qalmışam.

 

Gecələr yatmayıb oyaq qalanda,

Göyləri gəzməyə çıxır xəyalım.

Olub-keçənləri yada salanda,

Bir nəmlik duyuram, qarışır halım.

 

Almışam əlimə dəftər-qələmi,

Xəyal dünyasına qapalmışam mən.

Xəyallar aparır göylərə məni,

Elə bil göylərə yapılmışam mən.

 

Xəyallar aparır göylərə məni,

Fikrim dağnıq olur, halım pərişan.

Xəyaldan ayrılıb düşəndə yerə,

Əvvəlki halımdan qalmır bir nişan.

 

KÖRPƏ GƏLDİ DÜNYAYA

Körpə gəldi dünyaya,

Qızımız ana oldu,

Ayağı dəyən yerlər,

Cənnətə gedən yoldu.

 

Körpə gəldi dünyaya,

Muştuluq aldı çapar.

Səs də gəldi beşikdən,

Ata məni də apar.

 

Körpə gəldi dünyaya,

Tanrı verən qismətdi.

Oğlan- düşmən çəpəri,

Qız-namusdu, ismətdi.

 

Körpə gəldi dünyaya,

Nağıl danışdı nənə.

Biri vardı, biri yox,

Baba turp əkdi yenə.

 

Körpə gəldi dünyaya,

Biz təzədən doğulduq.

O, parlayan bir  günəş,

Pərvanəsi biz olduq.