Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir

19:26 05-05-2022 396

  30 ildən sonra azad edilmiş torpqalarımıza, düşmənin darmadağın etdiyi ərzilərimizdə həyata keçirilən quruculuq və əsaslı tikinti işləri, məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın  doğma ata yurdlarına qayıtması üçün hər cür şəraitin yaradılması prosesi gedir. Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Təbii ki, dağılmış bütün kəndlər bərpa ediləcək və soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Yəni uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üşün hazırlıq işləri başlanılıb. Qeyd etmək istərdim ki, erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Əlbəttə, kəndlərin qurulması da planlı, sistemli şəkildə aparılmalıdır. Ona görə hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və hal-hazırda baş planlar hazırlanır.

        Hazırda ötən il 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuran Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış planını reallaşdırmaq kimi mühüm vəzifə durur. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanıb ki, bu da Azərbaycan dövlətinin gücünü göstərir. Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası müxtəlif istiqamətlərdə həyata keçirilir. Minalardan təmizlənən ərazilərdə, ilk növbədə, zəruri infrastruktur qurulur, çünki müvafiq infrastruktur yaradılmadan ərazilərə Böyük Qayıdış planını reallaşdırmaq mümkün deyil. Həyata keçirilən bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini işğaldan azad edilən ərazilərimizdə müasir elektrik enerjisi şəbəkəsinin qurulması təşkil edir. Vurğulamaq yerinə düşər ki, işğaldan azad edilən ərazilər bərpa olunan enerji mənbələri ilə zəngindir və onların hamısından istifadə olunacaq. Hazırda bu istiqamətdə bir neçə layihə reallaşdırılır.  İşğaldan azad edilən ərazilərdə müasir yol infrastukturunun qurulması geniş vüsət alıb. Türkiyə və yerli şirkətlər tərəfindən Füzulidən Şuşaya çəkilən yolun tikintisi intensiv şəkildə davam etdirilir. Prezident, cənab İlham Əliyev bu yolu “Zəfər yolu” adlandırıb, çünki Silahlı Qüvvələrimizin əsgər və zabitləri məhz bu istiqamətdə dağlardan, qayalardan, dərələrdən, meşələrdən keçərək Şuşaya gəliblər. Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin taleyini böyük dərəcədə həll etdi. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur quruculuğu proqramı çərçivəsində beynəlxalq səviyyəli üç hava limanının inşasının da sosial-iqtisadi önəmi kifayət qədər böyükdür. Bu hava limanları müxtəlif istiqamətlərə gedən avtomobil yolları ilə inteqrasiya ediləcək. Bununla da xarici turistlərin və ölkəmizin digər bölgələrinin sakinlərinin işğaldan azad edilmiş ərazilərə gəlmələri, eləcə də yüklərin daşınması asanlaşacaq. İşğaldan azad edilmiş ərazilərdəki bütün mədəni-dini abidələrin bərpası nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan bərpa proqramı çərçivəsində, həmçinin üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılmış və yaxud təhqir edilmiş mədəni-dini abidələrimizə də, necə deyərlər, yeni həyat verilməsi nəzərdə tutulub və artıq bu istiqamətdə işlərə başlanıb. Ermənilər tərəfindən dağıdılmış, təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki və işğaldan sonrakı görüntüləri tərtib edilir, dünya birliyinin diqqətinə çatdırılır. Qısa zaman kəsiyində bütün tarixi və dini abidələrimizi bərpa edəcəyik. 

Dünya dövlətləri də, erməni diasporu da, separatçılar, ermənipərəst dövlətlər də Azərbaycanın gücünü, qüdrətini gördü. 44 günlük müharibə zamanı vətənpərvər Azərbaycan övladları öz qanı, canı bahasına torpaqlarımızı işğaldan azad edərək Qələbə qazandılar. Azərbaycan qalib ölkə kimi özünü göstərdi və böyük Zəfər bizim oldu. Bəli, döyüş günlərində Ermənistan ordusu demək olar ki, tamamilə zərərsizləşdirilib. Belə ki, onların həm, hərbi texnikaları, həm də, canlı qüvvələri məhv edilib. Eləcə də, məlum müharibə zamanı düşmən ordusunun 10 min hərbi qulluqçusu ordu söralarını özbaşına tərk edərək, fərarilik etmişdir. Beləliklə, Ermənistan noyabr ayının 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını  qaytarmağa məcbur olmuşdur. Ermənistanın, eləcə də, onun bəzi xarici havadarları, yalnız beş rayonu Azərbaycana qaytarmaq, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilməsini, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın əbədi nəzarəti altında qalmasını istəyirdilər. Azərbaycan xalqının vətənpərvərliyi,  dövlətimizin başçısının ətrafnda birləşməsi qələbəmizi  daha da tezəşdirdi.  Kənar təsirlər əsgərlərimizin döyüş əzmini, xalqımızın sabaha olan inamını qıra bilmədi və nəticə gözəl oldu. Sevindirici bir haldır ki, müstəqil Azərbaycan dövləti haqlı olduğu bu mübarizədə qalib tərəf oldu.

Bizim Qələbəmiz tarixi bir Qələbədir və biz tarixi ədaləti bərpa etdik. Biz düşməndən Şəhidlərimizin qanını və qisasını aldıq...     

                                                                                                                                          Sabit Vaqif oğlu Mehdiyev,                   Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.