Bağışlayan və rəhm edən Allahın adı ilə

 Tahir Hüseyn

H İ K M Ə T L İ   S Ö Z L Ə R

22:30 27-08-2022 506

 

*İnsanın ən böyük  düşməni nəfsidir.

 *Səmimi olmayan əməllər müəmmalıdır.

 *Oğul var ev üçündür,

  Oğul var el üçündür.

 *Elin sevəni el də sevər,

  Eli sevən, eli üçün canında verər.

 *Pisliklər çox tez yayılar,

  Yaxşı əməlləri də yaymaq lazımdır.

 *Övlad var ata yurdun abad edər,

  Övlad var ata yurdun bərbad edər.

 *Bu dünya gözəllikləri kimi  məqsədə  çatdırar, kimi məşəqqətə aparar.

 *Nəfsində həsəd silinməyincə,

  Didəcək səni gizlincə.

 *Nəfsindən silməsən kini,

  Heç zaman qazanmayacaqsan  sevgini.

 *Səfərə çıxarkən özünlə yol daşı yox, yoldaşı seçmək lazımdır.

 *Oğul var ata yurduna yurd kimi baxar,

  Oğul da var ata yurduna  qurd kimi baxar.

 *Bizə verilib, alınanları  sevirik,

  Bizimlə dost olanı sevmirik.

 *Saleh insanlar ilahi nemətdir,

  Onların dedikləri ilahi hikmətdir.

 *Zikir qəlbə enməsə, təsbihə  çevrilməz,

  Təsbihə çevrilməsə, haqqa yüksəlməz.

 *Simicin əli açılmaz,

  Paxılın qəlbi açılmaz.

 *İstər peyğəmbər  oğlu olsun, istər peyğəmbər nəvəsi,

  Nəfsi paklaşmayıbsa pisliyə var həvəsi.

 *Saleh qullar kəramətli olurlar,

 Saleh qullar bərəkətli olurlar.

 *Paxıl insan meyar bilməz,

  Paxıl insan başqasına dəyər verməz.

 *İşıq güclü olanda göz qamaşdırar,

  Söz güclü olanda dil dolaşdırar.

 *Düz  sözü  bəyənməyənlər,

  Qəlp sözə  baş əyərlər.

 *Özündən razı olandan heç kim razı olmaz,

  Allahdan razı olandan, Allah razı olar.

 *Qəzəbli olan, əzablı olar.

 *Qəlbin daimi zikri ilə şeytanların qapısı bağlanar, mələklərin qapısı açılar.

 *İnsanın iki düşməni var:

  Nəfsi və şeytanlar.

  Ramazan ayında şeytanlar Rəbbi tərəfindən buxovlanır.

  İnsanın diləyi və Rəbbin köməyi ilə    nəfsilə  bacarar.

 *Orucluqda ac qalmaq acın halın anlamaq üçündür.---

 *Orucluqda ac qalmaq ac qalanın halına  yanmaq üçündür.

 *Orucluqda ac qalmağın fəziləti əziyyətindən çoxdur.

 *Ramazan ayı varlıların  acı, susuzu halın anlamaq və Allah onlara verdiyi nemətlərdən     ehtiyaclıya  paylamaq ayıdır.

 *Ramazan  ayı  insanın  fiziki və nəfsi bədənini  saflaşdırmaq ayıdır.

 *Ramazan  ayı  insan nəfsinə görə yox,  nəfsin sahibinə görə  yaşamaq ayıdır. Və il boyu bu halı saxlamalıdır.

 *Ramazan  bayramı şeytan ordusu buxovlandığından nəfsinə qələbə çalıb nəfsin paklaşdıranların bayramıdır.

 *Haqlının tərəfində yoxdur dayanan,

  Zalımın tərəfində çoxdur yalmanan.

 *Ömrü boyu yar-yar deyənlər,

  Yaradan demədilər.

 *Doğulmamış  öldürülənlər,

  Yaşayaraq ölənlərdən çoxdur.

 *Qalmışam olumla-ölüm arasında,

  Birindən uzağam, birinə yaxın.

 *Qalmışam kafirlə-mömin arasında,

  Birinə narahatam, birinə əmin.

 *Mövcud olmaq yaşamaq deyil,

  Yaşamaq yaşatmaqdı bil.

 *İnsanlar çatmasa əxlaqi zirvəyə,

  İnsanlıq düşəcək dərin dərəyə.

 *Nə pislik itməz, nə yaxşılıq,

  Nə vaxtsa görəcək qarşılıq.

 *Bu dünyanı qazanmaq üçün xərclədik canımızı,

  Axirəti qazanmaq üçün xərcləmədik bir manatımızı.

 *Torpaqdan yaranmışıq,

   Torpağa qovuşmaq üçün sıralanmışıq.

 *Zülmü rəva bilmə ömür olar hədər,

  Etdiyin yaxşılqlar zay olub gedər.

 *İstər halal ye, istər haramla dolan,

  Əcəl çatdı kimdi dünyada qalan.

 *Tövbə qapısı açıqdır keçən-keçər,

  Haqqın yolun, batil yolu seçən- seçər.

 *Torpaqdan yaranan torpağa gedərmiş,

  Bu dünya malın  toplamaq hədərmiş.

 *Tanrıdan verilib ruh  cana əmant,

   Tanrının payına olmazmış xəyanət.

 *Özünü sevməyi öyrədib yaradan,

  Bilməliyik, bir gün gedərik sıradan.

 *”Quran”ı sonuncu kitab bilməliyik,

  Yaşayıb, yaradıb, günahsız ölməliyik.

 *Həqiqət gəzənlər  dost olub Rəhmana,

  İblisin dostları düşübdür gümana.

 *Eşqi verdik yaradılana,

  Aşiq ola bilmədik Yaradana.

 *Kimi qəlbinə gələni deyir,

  Kimi dilinə gələni deyir.

 *Allah dost tutdu insanı,

  İnsanın çoxu  dost tutdu şeytanı.

 *Hikmət sahibinindir hikmətli sözlər,

  Hikmətli sözlər mərifət sahibini  gözlər.

 *İnsanı alçaltmaq, insanı Yaradana üsyanıdır.

 *İnsan özü-özün alçaldırsa,

  Özü Yaradana üsyan edir.

 *Qədr gecəsində oyaqlar var,

  Ancaq azdır ayıqlar.

 *Kamil insan özün insanlara borclu bilər.

 *Cahil insan insanları özünə borclu bilər.

 *Kamil insan insanlara  varın xərcləyər.

  Cahil insan insanların varın mənimsəyər.

 *Dost bildiyimizin  çoxu nəfsinə görə,

  Bir qismi də rütbəsinə  görə  uzaqlaşdı bizdən.

 *Yazılmış qanunlardan çox,

   Yazılmamış qanunlara əməl olunur.

 *Para (pul) gözlər, haqqı görməzlər.

 *Dünyada həris insandan yaxşılıq gözləmə.

 *Sözlə bişməyən insan,közlə bişməz.

 *Olmasa cəmiyyət cəm niyyət,

  Orada olmaz əmniyyət.

 *Əsl sevən yarın sevər,

  Yarın varın sevməz.

 *Yaxşı ki, dünyada yaxşılar vardır,

  İnsanı sevindirən  yaxşılıqlardır.

 *Yaradan önündə başın əyməyən,

  Yaradılan önündə başın əyər.

 *Sıxıntı insanın doğru yola  gəlməsi üçündür,

  Gələn düzələr, gəlməyən əzilər.

 *Allah hikməti diləyənə verdi,

  Neməti də diləyənə verdi.

 *Deyirlər dünyanı gözəllik xilas edər,

  Dünyanə ədalət, sevgi, düzlük xilas edər.

 *Şöz şair dilində bişər,

  Söz şairlə şeirləşər.

 *Qəlbimiz sözlə dilimizə axır,

  İnsanlar  gözümüzlə  qəlbimizə baxır.

 *Sevinə bilməyən insan  kədərlə yaşayar.

 *Həyatda dostsuz  yaşamaq,

  Həyatda duzsuz yaşamaq kimidir.

 *Uşaqlıq, gənclik, cavanlıq, qocalıq,

  Paklıq, dəcəllik, güvənlik, ucalıq.

 *Bir kəsdə yoxsa iman,

  O, kəsdən gözləmə aman.