Ulu Öndər Heydər Əliyev beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin carçısı idi

15:50 04-10-2022 514

   Məlum olduğu kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev çox qısa zamanda daxili və xarici bədxahların xəyanətkar planlarını alt-üst etdi, saysız-hesabsız çətinliklərə sinə gərərək dağılmaq, dünya xəritəsindən silinmək təhlükəsini yaşayan ölkəmizi tərəqqi yoluna çıxardı. "Sabitlik hər bir inkişafın əsasıdır" söyləyən Ulu Öndər Heydər Əliyev hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın baş alıb getdiyi o illərdə ölkədə sabitliyi, normal həyat şəraitini bərpa etmək, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan, müharibə şəraitində yaşayan respublikanı böhrandan xilas etmək üçün ciddi addımlar atdı. 1994-cü ilin mayında ümummilli liderin gərgin səyləri sayəsində atəşkəsin əldə olunması ölkəmizin bütün sahələrdə inkişafına geniş zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyev çoxşaxəli siyasi fəaliyyətində daha bir tarixi missiyanı - dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı kimi çətin, ancaq vacib bir vəzifəni də üzərinə götürdü və onu dövlət siyasətinin əsas tərkib hissəsi kimi daim diqqətdə saxladı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində müstəqil dövlətimiz inkişaf, tərəqqi yoluna çıxdı. Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə əldə etdiyi uğurlar barədə danışarkən təbii ki, ilk növbədə bunların əldə olunması üçün misilsiz xidmətləri olan Ulu Öndərimizin gördüyü işləri yada salmalı, ölkəmizin, xalqımızın bugünkü rifahı üçün ona minnətdar olmalıyıq.

   Ulu Öndər Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha da qüdrətli, müasir dövlətə çevrilməsinə geniş imkanlar açıb. Müasirləri, həmkarları onu liderlik zirvəsinə qalxan dövlət başçısı adlandırırlar. 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına etdiyi tarixi müraciətində cənab İlham Əliyevə özü qədər inandığını bildirən, onun siyasi cəhətdən hazırlıqlı, yüksək intellektə malik şəxsiyyət olduğunu qeyd edən ulu öndər Heydər Əliyev bir daha uzaqgörənliyini sübut etdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

   Prezident kimi and içən, Azərbaycan xalqına layiq dövlət başçısı, siyasi əqidəsindən, milliyyətindən, dilindən, dinindən asılı olmayaraq hər bir vətəndaşın Prezidenti olacağını bəyan edən cənab İlham Əliyev həm Ümummilli Lider Heydər Əliyevin, həm də, Azərbaycan xalqının bəslədiyi etimadı doğrultdu. Məlumdur ki, insanları əvvəlcə liderin özü, sonra ideyası cəlb edir. Həm işi, həm də yüksək insani keyfiyyətləri, humanistliyi, insanlara olan səmimiliyi ilə xalqın sevimlisi olan cənab İlham Əliyevin ilk prezidentlik dövründə göstərdiyi tarixi xidmətlər olduqca çoxdur. Azərbaycanın bu gün beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanınması və qəbul olunması, son illərdə iqtisadi artımın sürətinə görə dünyada birinciliyi ələ alması təbii ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətin hazırda Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir.

    Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini təbii ki, bir yazıya yerləşdirmək qeyri-mümkündür. Hər kəsə aydındır ki, Ümummilli Lider Heydər Əliyevin əsas məqsədi Azərbaycanı daha qüdrətli, zəngin dövlətə çevirmək, dünya birliyində yerini və rolunu daha da möhkəmləndirmək, əsl söz sahibinə çevirmək idi. "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respubilkası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir". Bu günün reallıqları Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi bu fikirlərin həqiqətə çevrildiyini təsdiqləyir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı belə bir ölkənin övladı olmasından fəxr duyur. Azərbaycanın taleyi hər bir kəsin taleyi kimi qəbul olunur, ölkənin daha da qüdrətlənməsi, beynəlxalq aləmdə yeri və rolunun daha da möhkəmlənməsi, həqiqətlərimizin dünya ictimaiyyətinə dolğun çatdırılması istiqamətində mühüm işlər görülür.

  Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.