Ulu Öndər Heydər Əliyev mühüm demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı idi

16:09 04-10-2022 558

       Əlbəttə ki, mövcud cəmiyyət öz-özünə qurulmayıb, hər bir cəmiyyəti təşkil edən xüsusi aktiv, dinamik güclər var və heç şübhəsiz, ilk növbədə, bu cəmiyyəti formalaşdıran ideoloji, siyasi, mənəvi Lider var. Dünya şöhrətli siyasətçi, dahi Lider Heydər Əliyev də, məhz, belə simalardan idi. Artıq, bu gün, müəyyən bir dövrü əhatə edən Heydər Əliyev siyasəti və azərbaycançılıq ideologiyası sözün həqiqi mənasında hər bir azərbaycanlının fəxr edəcəyi, qürur duyacağı, ən əsası isə, güvənib etibar edəcəyi bir ideologiya kimi yaşamaqdadır.  Ulu Öndər Heydər Əliyevin xidmətlərindən söz açarkən, ilk olaraq onun xilaskarlıq missiyası göz önünə gəlir. Azərbaycanımızın bugünkü uğurlarından fəxrlə bəhs etməyimiz, bizi daim müstəqillik yolumuzun heç də hamar olmadığını, ölkəmizin 1991-ci ildən 1993-cü ilin iyununadək təlatümlü bir dövr yaşadığını xatırlamağa sövq edir. O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaq cəhdləri Azərbaycanın müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra problemlərin aradan qaldırılması, Azərbaycanın bir müstəqil dövlət kimi özünü dünyaya təqdim etməsi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artması, demokratik dövlət quruculuğu yolunda biri-birindən önəmli addımların atılması, Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün geniş imkanların yaradılması və s. kimi uğurlarımızın əsasında Ümummilli Liderin ölkədə sabitliyi təmin etməsi dayanır. Ümummilli Lider bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi proqramın həyata keçirilməsi qeyri-mümkündür. Məhz, sabitliyin yaradılması ilə Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə beynəlxalq əməkdaşlığın qurulmasına, dünya iqtisadi sisteminə inteqrasiyanın əsasının qoyulmasına geniş yol açan “Əsrin müqaviləsi” imzalandı. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran Ümummilli Lider Heydər Əliyev neft strategiyasını müəyyənləşdirməklə, Azərbaycanın iqtisadi inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən demokratik prinsiplərin inkişafını qarşıya mühüm vəzifə kimi qoymuşdur. 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv - amnistiya təsisatları bərpa edilib, həmin dövrdən etibarən imzalanmış Sərəncam və Fərmanlara əsasən, minlərlə vətəndaşımız azadlığa qovuşub. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan, ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil dövlətimizin ilk Konstitusiyasında insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən maddələr böyük çoxluq təşkil edir. Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkib. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılıb, tədbirlər həyata keçirilib. 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatın inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Mətbuata göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, Ulu Öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.

         Ulu Öndər Heydər Əliyev: “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz, düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik” söyləyərək ordu quruculuğuna da xüsusi diqqət yetirdi. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı.

       Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik: “Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı, eyni zamanda, ölkənin nailiyyətələrinə özünün sanballı töhfələrini verir. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün zənginləşməsi, siyasi çəkisinin, nüfuzunun artması, ölkədə keçirilən seçkilərdə inamlı qələbə qazanması xalqın Heydər Əliyev ideyalarına sədaqətinin, möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin siyasətinə inamın, Partiyaya dəstəyin göstəricisidir. 

      Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası genişdir, əvəzsizdir. Onun fəaliyyəti, Azərbaycan xalqı üçün qoyduğu irs çox zəngindir. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hansı dövrünə nəzər salsaq, hər biri ayrı-ayrılıqda tədqiqat mövzusudur. Təbii ki, bu baxımdan, Onun xidmətlərini bir yazıda əhatə etmək mümkünsüzdür. Bugünkü müstəqil, müasir, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan onun şah əsəridir.

       Qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi üçün, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin ətrafında sıx birləşməli, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərməliyik. Heydər Əliyev yolu ilə inamla irəliləyən, günbəgün güclənən, qüdrətlənən müstəqil Azərbaycan hər bir vətəndaşımızın qürur mənbəyidir!...                                                                     Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.