Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub

20:12 07-10-2022 480

     Bildiyimiz kimi, keçmiş məcburi köçkünlərin tezliklə azad edilmiş torpaqlara qayıtması qarşıda duran əsas məsələlərdən biridir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdiyinin bariz nümunəsidir. Bizim planlarımız böyükdür. Artıq, müharibə başa çatıb və bərpa işləri artıq başlanıb. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik və Qarabağ bölgəsində cənnət yaradacağıq. Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə, Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların el-obasına qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.

  Ərazilərin konfliktəqədərki və konfliktsonrası vəziyyətinin müqayisəli qiymətləndirilməsi; post-konflikt ərazilərdə dövlət idarəetmə sisteminin və icma özünüidarəetməsinin spesifik xüsusiyyətləri; post-konflikt ərazilərdə həyat təminatı sistemlərinin (o cümlədən yaşayış fondunun, enerji təminatının, su və qaz təchizatının) yenidən qurulması və əhalinin repatriasiyasının təşkili; post-konflikt ərazilərdə infrastrukturun (o cümlədən mülki idarəetmə orqanlarının iş infrastrukturunun, nəqliyyat infrastrukturunun, telekommunikasiyaların və sosial obyektlərin) bərpası; post-konflikt ərazilərdə iqtisadiyyatın dirçəldilməsi üzrə tədbirlərin, ölkədaxili və beynəlxalq müqayisəli üstünlük sahələrinin müəyyənləşdirilməsi; konfliktsonrası reabilitasiya sahəsində beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi; konfliktsonrası reabilitasiya prosesində ortaya çıxa biləcək potensial xarici və daxili risklərin idarə olunması istiqamətində araşdırmalar aparılacaq.

    Təbii ki, rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşıyır. Dəymiş bütün ziyan hesablanır, şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir, sübutlar toplanır. Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir, bunun üçün hazırlıq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi cənab Ptrezident İlham Əliyevin Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa quruculuq işlərinə, bu ərazilərin sürətlə inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı tikinti quruculuq və bərpa işləri göstərir ki, keçmiş məcburi köçkünlər tezliklə, öz ata-baba yurdlarına qayıdacaqlar. O gün çox uzaqda deyil.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, biz işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış astanasındayıq. İşğaldan azad edilmiş ərazilər ölkənin ən abad guşələrindən birinə çevriləcək. Prezident, cənab İlham Əliyevin uğurlu yenidən qurma siyasəti nəticəsində, Azərbaycan xalqı işğal olunmuş torpaqlarında rahatlıqla məskunlaşa biləcək.

      Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.